“Biz daim həyəcan içində yaşamaq üçün yaranmamışıq”-Özəl
10:45 Sosial"Sosial media alqoritmlərində əsas məqsəd etimad yaratmaq və ya həqiqəti ortaya çıxarmaq deyil, insanların platformadakı fəallığını artırmaqdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Facebook, X və TikTok alqoritmlərinə verilən tapşırıq budur: istifadəçilərin fəallığını artırın. Bu, yaxşı səslənir. "Fəallıq", "iştirak"-sanki müsbət anlayışlardır. Amma əslində bu o deməkdir ki, alqoritmlər milyonlarla, milyardlarla insanı təcrübə obyektinə çevirərək onların diqqətini daha çox cəlb etməyin yollarını sınayır.
İnsanları platformada necə daha uzun müddətə saxlamaq olar? Onları daha çox reaksiya verməyə, məsələn, paylaşımı dostlarına göndərməyə necə sövq etmək olar? Və aşkar ediblər ki, insanları daha fəal etməyin ən asan yolu onların beynindəki "nifrət düyməsini", "tamah düyməsini" və ya "qorxu düyməsini" basmaqdır. Çünki nifrət insanı çox güclü şəkildə özünə çəkir. Qorxu da elədir. Həyatınızı nəsə təhdid edirsə, bütün diqqətinizi ona yönəldirsiniz.
Beləcə, dünyanı nifrət, qorxu, qəzəb, tamah və bu kimi hisslərlə doldurdular. İndi biz insanların daim hər şeyə həddindən artıq reaksiya verdiyi bir dünyada yaşayırıq.
Bilirsiniz, bu "fəallıq" anlayışı bu gün dilimizdə çox işlənən başqa bir sözə-"həyəcan"a çox yaxındır. Həyəcan, sadəcə, sinir sisteminizin həddindən artıq fəal işləməsi deməkdir.
Bəzi hallarda, müəyyən həddə qədər həyəcan yaxşıdır. Amma bioloji baxımdan bir orqanizmi daim həyəcan içində saxlasanız, sonda o, tab gətirməyib çökər və ölər. Biz daim həyəcan içində yaşamaq üçün yaranmamışıq.
Bu gün əksər insan görüşəndə çox vaxt onları həyəcanlandıran deyil, yanlarında özlərini sakit hiss etdikləri insanlarla görüşmək istəyirlər. "Səninlə görüşmək mənə necə də rahatlıq verir" demək istəyirlər. Məncə, bütün dünya həddindən artıq həyəcan içindədir".