Qlobal Bakı Forumu regionu narahat edən ciddi məsələlərin həlli yollarının tapılmasına dəstək olmalıdır - ÖZƏL

"Həyatda qalmaq istəyiriksə, birgə çalışmalıyıq". Bu fikri Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda keçirilən X Qlobal Bakı Forumunda çıxışı zamanı deyib. Əslində çalxalanan, sülh və müharibə dilleması qarşısında qalan indiki anların ən ciddi məqamına Latviyanın sabiq prezidenti nəzər salıb. "Olaylar" xəbər verir ki, bunu deyən  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirlinin sözlərinə görə,  dünyanın məhvərindən çıxdığı, xeyirlə şərin mübarizəsinin getdiyi indiki məqamda "Həyatda qalmaq istəyiriksə, birgə çalışmalıyıq" fikri gerçəkdən əhəmiyyətlidir. Bu tezis üzərində düşünməyə dəyər: "Yaşadığımız mürəkkəb dövrdə müharibələr, erməni terrorizminin kökünün kəsilməməsi, sabitliyə və dünyanın gələcəyinə nüvə təhdidləri, bəzi dövlətlərin imperiya iddiaları, digər  problemlər  müzakirə və çıxış yolları tapılmasını tələb edir. Müsbət haldır ki, məhz Azərbaycanın ev sahibliyi və dəstəyi ilə keçirilən Qlobal Bakı Forumunda bu məsələr ətrafinda müzakirələr aparılır. Əhatə dairəsi kifayət qədər geniş olan belə mötəbər toplantıda problemlər yalnız səsləndirilməklə forum işini bitmiş hesab etməməlidir. Ən vacibi odur ki, dünyanı və regionu narahat edən ciddi məsələlərin həlli ilə bağlı təkliflər, birgə əməkdaşlıq haqqında fikirlər səslənəcəyinə ümid edirik.  Digər tərəfdən Cənubi Qafqazda gedən proseslərlə, Ermənistanın qeyri-konstruktiv mövqeyi,  sülhə əngəl olan Rusiyanın çox konfiqurasiyalı siyasəti ilə bağlı  fikir aydınlığının ortalığa çıxacağına inanmaq olar. Nəhayət Qlobal Bakı Forumu regionu narahat edən ciddi məsələlərin həlli yollaranın tapılmasına dəstək olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31