Qarabağdakı insidentə görə sülhməramlılar məsuliyyət daşıyır - Politoloq
6 Mart 2023 14:46 SiyasətDünən Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri yenidən təxribat törədiblər. Əraziya silah-sursat daşıyan separatçılar onları yoxlamaq istəyən hərbçilərimizə atəş açıblar. Nəticədə hər iki tərəf itki verib.
Son vaxtlar separatçıların silahlı təxribatlarının arxasında nə dayanır? Sülhdən dəm vuran Ermənistan rəhbərliyinin hələ də onları silahlandırmasının səbəbi nədir?

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq Zaur İbrahimli deyib ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə etməklə Ermənistandan silah-sursat və şəxsi heyətin Azərbaycanın Qarabağ iqtisadi bölgəsinə daşınması bir daha 10 noyabr bəyanatının müvafiq bəndlərinin yerinə yetirilmədiyini göstərir:
"Xüsusən 4-cü bənd yerinə yetirilmir. Halbuki razılaşmaya görə, qeyri-qanuni erməni silahlı dəstələri Qarabağ bölgəsindən erməni çıxarılmalı, ümumiyyətlə, ermənilərin yaşadığı ərazilər silahsızlaşdırılmalıdır".
Zaur İbrahimli bildirib ki, regionda davamlı sülhə nail olmaq və gələcəkdə hərbi əməliyyatların qarşısını almaq üçün həm vasitəçi ölkə, həm də Ermənistan 10 noyabr bəyanatının bəndlərini yerinə yetirməlidir:
"Bu insident göstərdi ki, ermənilərin qeyri-qanuni dəstələri sülh və sabitlik üçün təhlükə mənbəyidir. Eyni zamanda Ermənistan hərbi siyasi rəhbərliyi bu qeyri-qanunu silahlı dəstələri müasir silahlarla təmin edir. Bununla da faktiki olaraq Azərbaycanda separatizmə dəstək verir".
Politoloqun sözlərinə görə, Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırması tələbi həm beynəlxalq vasitəçilər, həm də aparıcı dünya ölkələri tərəfindən dəstəklənməlidir:
"Azərbaycan Laçın dəhlizində nəzarət məntəqələri quraşdırılması tələbində tamamilə haqlıdır. Bu, Azərbaycanın öz ərazisinə daxil olan nəqliyyat vasitələrinə, şəxslərə və yüklərə baxış keçirmək hüququnu təmin edəcək. Faktiki bu ərazi Azərbaycan hüquq-mühafizə orqanlarının nəzarətindən kənardadır. Belə çıxır ki, sülhməramlı kontingent vəzifəsini yerinə yetirmir. Beləliklə, bu bölgəyə istənilən dövlət tərəfindən silah daşına, terrorçular burda gizlənə, ərazi narkotiklərin dövriyyəsi və ən müxtəlif transmilli cinayətlər üçün bazaya çevrilə bilər. Bu, yalnız Azərbaycan üçün deyil, ümumilikdə Cənubi Qafqaz üçün təhlükə mənbəyidir. Həmin ərazilərin transmilli cinayətkar şəbəkələrin nəzarətinə keçməsi təhlükəsinin qarşısı alınmalıdır".
Zaur İbrahimli qeyd edib ki, sülhməramlılar 10 noyabr bəyanatından irəli gələn vəzifələrini icra etmədikləri üçün məsuliyyətə cəlb olunmalıdırlar:
"Biz hesab edirik ki, bu insidentin məsuliyyəti birbaşa Rusiya sülhməramlı kontingentinin üzərindədir. Rusiya sülhməramlıları öz vəzifələrinə məsuliyyətlə yanaşmırlar. Onlar erməni silahlı dəstələrinin hərəkətinə imkan yaradır. Silah daşınması məhz onların məsuliyyət zonası çərçivəsində baş verir. Sülhməramlılar bütün perimetri qorumalıdırlar, mandatları bunu tələb edir. Laçın dəhlizi isə yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır. Əslində Rusiya sülhməramlı qüvvələrinin mandatı ilə bağlı məsələ çoxdan Azərbaycanda ictimai müzakirəyə çıxarılıb. Bu artıq rəsmi müstəviyə də çıxarılmalıdır. Azərbaycan ordusunun gücü, qüdrəti imkan verir ki, o, bölgədə təhlükəsizliyə cavabdeh olsun və separatçıların qeyri-qanuni əməllərinin qarşısını alsın".