Baş vermiş təxribatın əsas günahkarı Rusiya sülhməramlılarıdır - ÖZƏL
6 Mart 2023 12:32 Siyasət"Baş vermiş təxribatın əsas günahkarı təbii ki, Rusiya sülhməramlılarıdır. Əgər sülhməramlı adlı bir ölkənin əsgərinin nəzarətində olan bir ərazidən silah-sursat daşıyırlarsa və bu silah-sursat vəziyyətin gərginləşməsinə səbəb olursa, deməli, bunda ilk növbədə həmin sülhməramlılar günahkardır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, erməni separatçılarına qalanda onları nədəsə günahlandırmaq mənasızdır, çünki onlar düşməndir: "Düşmən də öz təhlükəsizliyini qorumaq üçün müxtəlif yollara əl atmalıdır. Bu, Azərbaycanla onların arasında olan işdir. Gec-tezi var. Yaxın günlərdə cavablarını alacaqlar".
Azər Qasımov bir daha qeyd edib ki, əsas mövzu Rusiyanın sülhməramlılarıdır: "Öz vəzifəsinin öhdəsindən gələ bilməyəndən sülhməramlı ola bilməz. Azərbaycan əgər Rusiyaya etimad edib, onun ordusuna icazə veribsə ki, sülhməramlı kimi bizim ərazimizdə iştirak etsin, bu o demək deyildir ki, Azərbaycan bu fikrindən daşına bilməz və müddətin sonuna kimi bu ordunun Qarabağdan çıxarılmasını tələb edə bilməz. Azərbaycan ordusu onsuz da vəziyyətə nəzarət edir. Tezliklə hamı bunun şahidi olacaq".