Ermənistan regionda sülhün təmin edilməsində maraqlı deyil - ÖZƏL

"Ötən gün baş verən erməni təxribatı və iki hərbiçimizin şəhid olması bir daha sübut edir ki, Ermənistan heç bir halda bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı deyil. Əks təqdirdə müharibədən 2 ildən artıq müddətdə İrəvan sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addımlar atardı". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, İrəvan hakimiyyəti regionda sülhün təmin edilməsi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olsaydı, o halda Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrinin zərərsizləşdirilməsi, onların ərazidən çıxarılmasında maraqlı olar, hətta Rusiya sülhməramlıları qarşısında bununla bağlı məsələ qaldırardı: "Üçtərəfli bəyanatda da əksini tapır ki, Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətinə son qoyulmalıdır. Ancaq göründüyü kimi buna nə İrəvan, nə də sülhməramlılar maraqlı görünmür".

Arzuman Muradlı bildirib ki, Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələri mövcud olduğu müddətdə regionda sülh və təhlükəsizliyi təmin etmək mümkün olmayacaq: "Rusiya sülhməramlıları açıq-aşkar separatçıların qeyri-qanuni silahlı birləşmələrinə dəstək göstərir ki, bu da onların missiyasına tamamilə ziddir. Ona görə də Azərbaycanın Qarabağda antiterror əməliyyatı həyata keçirib bütün qeyri-qanuni erməni hərbi birləşmələrini məhv etməsi şərtdir. Eyni zamanda Laçın dəhlizində nəzarət buraxılış məntəqəsinin yaradılması vacibdir. Kimin nə deməsindən aılı olmayaraq Azərbaycan mütləq nəzarət buraxılış məntəqəsi yaratmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31