Şimali Kiprlə əməkdaşlığa dair tədbir keçirilib - ÖZƏL
27 Fevral 2023 15:52 SiyasətOlaylar.az xəbər verir ki, 27 fevral tarixində Bakıda Abşeron Marriot oteldə "KKTC tarixin yeni mərhələsində: "türkdilli dövlətlərə inteqrasiya fonunda təhsil və turizm imkanları ilə tanışlıq" adlı tədbir keçirilib. Tədbirdə əməkdar jurnalist Mətanət Ağamirli, Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi, Etika Akademiyasının rəhbəri Günel İbrahim, deputat Vüqar İskəndərov və Şimali Kiprdən gələn qonaqlar çıxış edib. Şimali Kiprdən gələn qonaqlar, fərqli sahələr üzrə mütəxəssis və iş adamları olub. Tədbir əməkdar jurnalist Mətanət Ağamirlinin çıxışı ilə başlayıb. Digər çıxışlara keçməzdən öncə qardaş Türkiyədə 6 fevral "Əsrin fəlakəti" adlanan zəlzələ qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirin gedişatı boyunca iştirakçılar Şimali Kiprin inkişaf etməkdə olan turizm, təhsil sistemindən danışıblar. Azərbaycanla ediləcək əməkdaşlıqlara dair müxtəlif fikirlər irəli sürülüb. Şimali Kipr Türk Respublikası adada ekoloji sabitliyi qoruyub saxlaması ilə gündəmə gəlib. İnkişaf edən təhsil sisteminə, güzəştlərinə, həyat standarlarına görə azərbaycanlı tələbələrə uyğun olacağı vurğulanıb. Kiprdən gələn qonaqlar ilk gündən bəri özlərini vətəndə kimi hiss etdiklərini dilə gətiriblər. Tədbirdə çıxış edənlər, Türkiyə ilə Azərbaycanın dövlət siyasətinin bir olduğunu bildirib, Kiprin türk dünyasına inteqrasiyasını alqışlayıblar. Çıxış edənlərdən Samir Dübəndi Azərbaycanla Kipr arasında əməkdaşlığın genişlənməsinin, Günel İbrahim isə dincəlmək üçün türk dövlətlərinə gedib, iqtisadiyyatlarına dəstək olmağımızın lazım olduğunu ifadə edib.
İştirakçılara Kiprlə bağlı 10 dəqiqəlik videoçarx təqdim edilib. Çıxışlardan sonra Kiprdə məşhur olan turizm şirkətləri və təhsil ocaqları öz fəaliyyətləri haqqında məlumat verib.




