Prezidentin Türkiyə səfərinin mənəvi tərəfləri ilə yanaşı siyasi motivləri də kifayət qədər genişdir - ÖZƏL
27 Fevral 2023 14:24 Siyasət"Qardaş Türkiyə Cumhuriyyəti 6 fevral tarixində baş vermiş zəlzələ ilə əlaqədar olaraq ölkə tarixinin ən ağır sınaqlarından biri ilə qarşı-qarşıyadır.
Təbii fəlakətin yıxıcı təsirləri ölkə üçün həm iqtisadi, həm də siyasi çətinliklər yaradır və hakimiyyət tez bir zamanda mümkün neqativ təsirləri minimuma endirmək üçün səylər göstərir. Bu dönəmdə ölkə başçısı cənab İlham Əliyevin Türkiyə səfəri çox mühüm əhəmiyyət kəsb edir". Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Azərbaycan dövləti və xalqı Türkiyənin bu çətin zamanlarında birlik və qardaşlıq nümunəsi göstərərək, mümkün olan bütün vasitələr ilə qardaş ölkəyə öz dəstəyini nümayiş etdirdi: "Hadisədən dərhal sonra ölkə başçısının göstərişinə əsasən hümanitar yardım yüklü təyyarələr və xususi xilasedici dəstələr etap- etap zəlzələnin ağır nəticələrini aradan qaldırmaq üçün təbi fəlakət zonasına göndərildi".
Pərviz Mirizadə deyir ki, səfərin mənəvi tərəfləri ilə yanaşı siyasi motivləri də kifayət qədər genişdir: "Zəlzələnin ölkədə yaratdığı şok effekti seçki qabağı neqativ tendensiyalara səbəb ola bilər. Bu isə öz növbəsində Ankaranın çoxistiqamətli xarici siyasət kursundakı ardıcıllığa, sistemli fəaliyyətə maneələr yarada bilər. Digər tərəfdən qardaş ölkənin rəqibləri Türkiyənin üzləşdiyi çətin situasiyadan yararlanaraq, ölkənin regionda olan siyasi varlığını zəiflətmək cəhdləri edəcəklər ki, Bakı və Ankara mümkün təsirlərə qarşı birgə reaksiya verməlidir".