Xocalı faciəsindən danışdıqda, mütləq onu yaradan səbəbləri və günahkarları qeyd etmək lazımdır - DEPUTAT
25 Fevral 2023 10:02 Siyasət"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, Xocalı faciəsindən danışdıqda, mütləq onu yaradan səbəbləri və günahkarları qeyd etmək lazımdır:
"Əsas cinayəti-soyqırımı törədənlər; sonralar Ermənistan prezidentləri olmuş Robert Koçaryan, Serjik Sarkisyan, yazıçıdan daha çox uşaq qatili kimi məşhurlaşmış Zori Balayan, Seyran Ohanyan, Vitali Balasanyan və digər çoxsaylı əlləri uşaq, körpə qanına batmış Yanlar. Yüz illlər keçsə də, nə tarix, nə də ki, Allah o cəlladların etdiklərini heç zaman bağışlamayacaqdır".
Deputat qeyd edib ki, Qarabağda separatçıların aktiv fazaya keçidi, Heydər Əliyevin Sovet İttifaqı kommunist partiyasının siyasi büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən istefa verdiyindən dərhal sonra başladı:
"Nə qədərki, Heydər Əliyev vəzifədə idi, ermənilərin səsi çıxmırdı. Bir tərəfdən SSRİ rəhbəri Mixail Qorbaçovun ermənipərəst mövqeyi,digər tərəfdən Xocalının, ümumiyyətlə Qarabağın müdafiəsini təşkil etmək əvəzinə Moskvanın göstərişlərini kor-təbii icra edən Azərbaycan siyasi hakimiyyəti və bütün mümkün vasitələrdən istifadə etməklə, hakimiyyətə can atan Xalq Cəbhəsinin qüvvələri. Məhz, özlərini siyasət dahiləri hesab edən populistlərin kreslo davası, dövlət idarəetmə sistemini iflic vəziyyətinə salmışdı. Kimin hansı məssəbə, hansı xarici qüvvələrə qulluq etdiyini müəyyənləşdirmək çətin idi. Kommunist partiyasına, sovet rejiminin qərəzli münasibətinə etiraz edən yüz minlərlə soydaşımız qaragüruhun ətrafına toplaşmışdı. Bütün bunlar xaricdən dəstəklənən və 1988- ci ildə Ermənistanda baş vermiş zəlzələdən istifadə etməklə, xeyli silah-sursat əldə etmiş erməni separatçılarının əl-qolunu açdı. Yardım adı altında ASALA terror təşkilatının üzvləri Ermənistana, daha sonra Qarabağa göndərildi. Onların arasında xüsusi qəddarlığı ilə seçilən Monte Melkonyan və digər erməni cəlladları Azərbaycan xalqına yaxşı tanışdır".
Millət vəkili qeyd edib ki, hər il fevral ayının 26-sı Azərbaycan xalqı, dünya azərbaycanlıları Xocalı soyqırımını qeyd edir:
"Soyqırımı törədənlər, erməni faşizminin mahiyyəti, xisləti dünya ictimaiyyətinəçatdırılır. Azərbaycan Dövlətinin apardığı məqsədyönlü siyasət nəticəsində 10 ölkə, ABŞ-n 25 ştatı Xocalı Soyqırımını rəsmən tanımışdır. Xüsusilə, "Heydər Əliyev" fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı, "Xocalıya ədalət" kompaniyası müsbət nəticələr verir. Hesab edirəm ki, bu istiqamətdə təbliğat daim aparılmalı, ermənilərin saxta ,,soyqırım,, iddialarına qarşı ən yeni tarixdə törətdikləri əsil soyqırım faktları ilə cavab verilməlidir. Tarixdən düzgün nəticə çıxarılmalıdır. 44 günlük müharibədə aldıqları zərbədən düzgün nəticə çıxarmayan Ermənistan, düşmənçiliyini davam etdirir, revanş hissi ilə yaşayır. Dünyada, o cümlədən regionda olduqca mürəkkəb geosiyasj proseslər gedir.Ən böyük vəzifəmiz, yaranmış ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, düşmənlərə milli birliyimizi sarsıtmağa imkan verməməkdir. Bu gün Xocalı qurbanlarının ruhu şaddır. Torpaqlarımız işğaldan azad olunmuş, dünya erməniliyinə sağalmaz zərbə vurulmuşdur. Allah cəmi şəhidlərə rəhmət eləsin!".