Tezliklə Xocalıda soyqırım törədənlərin beynəlxalq tribunal qarşısında cavab verməsinə nail olacağıq - ÖZƏL

"Təəssüflər olsun ki, hələ də sivil dünya ermənilərin 31 il əvvəl Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı görməzdən gəlir, onu törədənləri beynəlxalq ədalət məhkəməsi qarşısına çıxarmır".

Xocalıda baş verən hadisələri bütün dünya ictimaiyyəti soyqırım kimi tanımalıdır

Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, bütün bunlara baxmayaraq Azərbaycan dövləti, onun müvafiq qurumları, eləcə də Heydər Əliyev Fondu Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ötən müddət ərzində təqdirəlayiq addımlar atıb və bunun nəticəsində dünyanın bir sıra ölkələrin parlamentləri ermənilərin Xocalıda törətdikləri vəhşilikləri soyqırım kimi tanıyıb, bu faciəni pisləyən qərarlar, qətnamələr qəbul ediblər. 

Xocalı soyqırımını XX əsrin ən böyük cinayəti, insanlıq əleyhinə yönəlmiş qətliam kimi xarakterizə edən Arzuman Muradlı əmin olduğunu bildirib ki, tezliklə bu cinayəti törədənlərin beynəlxalq tribunal qarşısında cavab verməsinə nail olacağıq: "Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında qalib Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan azad etməklə həm ərazilərimizi düşmən tapdağından təmizlədi, həm də şəhidlərimizin qisasını aldı, Xocalı soyqırımının qurbanlarının qanını yerdə qoymadı. İndi də əminik ki, tezliklə Xocalıda həmin cinayəti törədənlər, azərbaycanlılara qarşı soyqırım həyata keçirənlər öz layiqli cəzalarını alacaqlar".

Ermənilərin zaman-zaman azərbaycanlılara qarşı soyqırımlar, qətliamlar törətdiyini deyən Arzuman Muradlı Ağdaban, Qaradağlı faciələrini buna misal göstərib və qeyd edib ki, Xocalı soyqırımı ilə yanaşı, digər adları qeyd edilən faciələri bizə yaşadanların cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində fəaliyyətimizi intensiv olaraq davam etdirməliyik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31