Makron bizim regionda Napoleonluq etmək istəyir - Deputat

"Mən sizin diqqətinizi Rusiyanın Ukraynaya qarşı ikinci xüsusi əməliyyat olaraq başlatdığı, amma sonunda əsl savaşa çevrilən olayların birinci ildönümündə Azərbaycan-Ermənistan şərti sərhəddində və Qarabağda  baş verən  insidentlərə yönəltmək istəyirəm. Öncə onu deyim ki, sözü gedən savaş 20-ci əsrdən qalma dünya reallığını dəyişsə də, bunda mühüm rol oynayan  dövlətlərin qətiyyən dəyişmədiklərini öz imperialist mahiyyətlərini qoruyub saxladıqlarını göstərdi ki, onlardan biri də Fransadır.   O Fransa ki, Prezidenti bizim regionda Napoleonluq etməyə çalışır.  Halbuki müsyö Makron Napoleondan boyca 21 sm böyük olsa da, digər göstəriciləri ilə belə demək mümkünsə, kilometrlərlə geridədir. Elə Fransa da o Fransa deyil, sadəcə yırtıcı mahiyyəti qalmaqdadır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  sözü gedən dövlətin Ermənistana jandarmlarını göndərməsinin arxasında da haylara sevgi yox, yırtıcılıq durur. Məhz bəzi  yırtıcı dövlətlərin təhriki ilə, yaxud da onlara güvənilərək  bizim üçün yetərincə uğurlu keçən Münxen görüşündən sonra regionda yenidən gərginlik yaradılır: "Mən bu fikirdəyəm ki, Azərbaycan ordusunun mövqelərinin təkcə şərti sərhəddə deyil, Qarabağda Rusiya hərbi kontingentinin gözü qarşısında atəşə tutulması bu gün rəqib kimi görünənlərin sabah müttəfiqlik edə biləcəklərindən xəbər verir. Və yeri gəlmişkən, könlündən  onlara yandaşlıq  keçən bir ölkə də var-"şeytan" adlandırdıqlarının qulağının dibinə mülki missiya adı altında de-fakto hərbçilərini və kəşfiyyatçılarını göndərmələrindən nəinki narahat olan, əksinə bunu  alqışlayan İran.

İmperialistlərlə hər şey aydındır, ona görə də mən bu yüksək kürsüdən onların əlində alət olan qonşularımıza səslənirəm, Tehrandakı qardaşlarınız yəqin sizə deməyiblər həzrət Əlinin çox ibrətamiz bir fikri var, orada bildirilir ki, əgər biri səni aldadıbsa, ona lənət, başına ikinci dəfə də eyni oyunu gətirirsə, sənə lənət.  Ötən əsrdə Fransa tərəfindən necə aldadıldığınızı yəqin xatırlayırsınız, eləcə də süzereninizin 1914-21-ci illər arasında  sizinlə davranışındakı fərqləri yadınıza salın, alətlikdən əl çəkin, lənətlənməyin!

Və bilin ki, Fransa bu regiona 100 min jandarm göndərsə də, İran onları əmmamə, təsbeh, üzük və başqa nə iləsə təmin etsə də, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi  kimi biz yarımçıq qalmış işlərimizi tamamlayacağıq. Baxın, Sosial Tədqiqatlar Mərkəzinin Qərbi Azərbaycana qayıdışla bağlı keçirdiyi sorğu göstərir ki, rəyi öyrənilənlərin dörddən üçü, yaşları 18-24 arasında olanların isə  84%-i oradakı yurd yerlərimizə dönəcəyimizi real sayırlar. Bu, təkcə istək yox, əzmlilik, millətinin və dövlətinin gücünə əminlik göstəricidir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31