Avropa Məhkəməsinin qərarından narahat olmağa dəyməz
24 Fevral 2023 16:03 SiyasətAzərbaycan Ermənistanın insan haqları pozuntularına görə cavabdehlik daşımasını tələb edəcək
Azərbaycanın bütün cəhdlərinə, Ermənistan-Azərbaycan münaqişəsi barədə dünya ictimaiyyətinə həqiqətlərin çatdırılmasına baxmayaraq bir sıra beynəlxalq təşkilatlar qərəzli mövqelərindən əl çəkmirlər. Belə təsissatlardan biri də Beynəlxalq Məhkəmədir ki, otuz il ərzində dövlətlərə münasibətdə ikili standartlara sadiq qalıb. Belə ki, Beynəlxalq Məhkəmə Ermənistanın iddiası əsasında Azərbaycandan Laçın yolunu açmasını tələb edən qərar qəbul edib. Qərarda yazılıb: "Bu iş üzrə yekun qərar qəbul edilənədək Azərbaycan irqi diskrimnasiya üzrə Beynəlxalq Konvensiya ilə üzərinə götürdüyü öhdəliklərlə uyğun Laçın dəhlizindən maneəsiz hərəkəti bərpa etməlidir". Sözün düzü, təkcə bu cümləni oxuduqda belə bir təəssürat yaranır ki, ya beynəlxalq təşkilatlar Cənubi Qafqazda baş verənlərdən bixəbərdirlər, ya da hazır qərar layihəsini müzakirəyə çıxarırlar. Əgər belə olmasaydı, Beynəlxalq Məhkəmə Laçın yolunun hansı ölkənin ərazisində yerləşdiyini səhv salmaz, 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata istinad edilərdi. Əslində Avropa Məhkəməsinin qərarları subyektiv amillərə deyil, dövlətlərin ərazi bütövlüyü, beynəlxalq hüquqla tanınan sərhədlərə istinad edilməlidir. Əks halda, çıxarılan qərarlar natamam olmaqla yanaşı, beynəlxalq hüquqla ziddiyyət təşkil edir.
Sənəddə həmçinin göstərilir ki, Azərbaycan İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işlərində Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarını qeydə alır. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Beynəlxalq Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarına uyğun olaraq, Ermənistanın tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığının Məhkəmə tərəfindən bir daha təsdiq edilməsini alqışlayırıq: "Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil və Azərbaycan Ermənistanın bu xüsusda məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək. Həmçinin Azərbaycan tərəfindən etirazların "təşkili və dəstəkləməsini dayandırması" və Qarabağa "təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi" iddiaları ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələblərinin Məhkəmə tərəfindən rədd edilməsini alqışlayırıq. Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb. Azərbaycan beynəlxalq hüquq çərçivəsində əhalisinin hüquqlarını müdafiə etməyə və Ermənistanı davamlı olaraq ağır insan haqları pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək".
Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın müvəqqəti və təxirəsalnmaz tədbirlərə dair ikinci vəsadəti üzrə çıxardığı qərardan qətiyyən narahat olmağa dəyməz: "Ədalət Məhkəməsi vəsadətlə bağlı qərar çıxarıb ki, Ermənistanın İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə Konvensiya ilə bağlı Azərbaycana qarşı verilən şikayətinə baxılanadək Azərbaycan dövləti əlində olan bütün vasitələrdən istifadə etməklə Laçın dəhlizi (Qərarda dəhliz yazılır) boyunca hər iki istiqamət üzrə insanların, nəqliyyatınvə yüklərin maneəsiz hərəkətini təmin etsin. Əla. Məhkəmə hesab etsin ki, Azərbaycan qərarda göstərilənləri 100% təmin edib. Yüklər, nəqliyyat vasitələri və sərnişinlər laçın yolundan maneəsiz keçə bilər. Əgər məhkəmə qərarında göstərsəydi ki, həmin yoldan narkotik maddələrin, silahların və əlvan metal filizlərinin maneəsiz daşınmasını təmin etsin, o zaman problem ola bilərdi. Buyurun keçin gedin o tərəfə. Qayıtmaq istəsəniz də qayıdın. Amma bilin ki, Azərbaycan inteqrasiya etmədikcə yaşadığınız ərazi sizlər üçün kisə kimi bir şey olacaq. Ancaq bir tərəfdən çıxıb-qayıdıa biləcəksz. O ki, qaldı Azərbaycanın vəsadətinə, qərəz öz yerində, amma belə işlərə beynəlxalq hüquq sahəsində savadı olanları cəlb etmək lazımdır. Yaxşı ingilis dili bilmək kifayət deyil. Bütüm halda, Məhkəmənin istənilən qərarı Azərbaycan üçün hüquqi əhəmiyyət kəsb etmir".
Alim