Türkiyəyə dəstək “Bir millət, iki dövlət” fəlsəfəsinin real təcəssümüdür - ÖZƏL
15 Fevral 2023 12:15 Siyasət"Bu günlərdə qardaş Türkiyə çətin sınaqdan keçir. Zəlzələnin yaratdığı ağır fəlakət Türkiyə ilə yanaşı Azərbaycanı da sarsıtdı, kədərləndirdi. Bu gün hər bir azərbaycanlı qardaş Türkiyə üçün, oradakı qardaş və bacılarımız üçün səfərbərdir. Hər kəs yardım göstərməyə, evsiz qalan, yaxınlarını itirən bacı və qardaşlarımıza dəstək olmağa çalışır"."Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəfərovun sözlərinə görə, bu, "Bir millət, iki dövlət" fəlsəfəsinin real təcəssümüdür: "Bu, qardaşın qardaşa dəstəyi, dayağıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıqlarına əsasən ölkə boyu həyata keçirilən humanitar yardım hər birimizi fərəhləndirir. Azərbaycanın qardaş ölkəyə sona qədər öz dəstəyini göstərəcəyini xüsusi vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir".
Millət vəkili bildirib ki, Azərbaycanın digər bölgələrində olduğu kimi təmsil etdiyim Şamaxı rayonunda da sakinlər fevralın 8-dən başlayaraq qardaş ölkəyə dəstək məqsədilə könüllü yardım aksiyasına start veriblər: "Yardım aksiyasında yerli sakinlər, iş adamları, müəssisələr, idarələr könüllü olaraq iştirak edirlər. Böyükdən-kiçiyə hər kəs qardaş Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım etmək üçün səhər saatlarından Şamaxı Olimpiya Mərkəzində təşkil edilən yardım toplanma məntəqəsinə gəlir, türk qardaşlarımıza dəstək olur. Rayon sakinləri isti geyimləri, əlcəkləri, corabları, yataq dəstlərini, quru ərzaqları, təmizləyici vasitələri təyin olunmuş məntəqədə çeşidləyirlər. Yardımlar toplanıldıqdan sonra yük avtomobillərinə yığılaraq Bakıya göndərilir. Bir neçə yük maşını artıq Bakıya göndərilib. Türkiyədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında, xilasetmə işlərində dövlətimizin dəstəyi, zəlzələdən zərərçəkmiş insanlara yardım üçün vətəndaşlarımızın fədakarlığı birliyimizin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Türkiyənin hər zaman yanındadır!Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir!"