Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclər siyasətidir
2 Fevral 2023 10:26 SiyasətAzərbaycanda dövlət səviyyəsində ən çox diqqət göstərilən sahələrdən biri də gənclər sahəsidir. Uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün öz bəhrəsini verməkdədir. 2 fevral-Gənclər Günü ərəfəsində gənclərin cəmiyyətdəki rolundan danışan siyasi şərhçi Fuad Heydər deyib ki, bu gün Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. O bildirib ki, bu ilki Gənclər Gününü gənclər olaraq daha fərqli qeyd edirlər: "Bu gün adı Azərbaycanın özü qədər əbədi olan müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin mayın 10-da 100-cü ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi ilində gənclərimiz daha fəaldırlar. Çünki əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəslənilir və ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir".
Fuad Heydər deyib ki, Azərbaycan bütün gücü ilə inkişaf edən ölkədir: "Onun xarici görkəmini dəyişən tikintilər, günü-gündən güclənən milli ordu, möhkəm və etibarlı siyasət dövlətin gələcəyinə uğurla və inamla addım atmağa şərait yaradır. Son 19 ildə görülən işlərə baxsaq, yüksək intellektual bacarıqlara malik olan və ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fəaliyyət göstərən gənclər ordusunun formalaşdığını görmüş olarıq. Hazırda gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə uğurla çalışır, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş ulu öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndərin əbədiyyətə qovuşmasından 19 il ötsə də, Onun nurlu xatirəsi Azərbaycan xalqının qəlbində silinməz iz buraxmışdır. Bu gün hər bir azərbaycanlı, o cümlədən hər bir gənc fəxr edir ki, məhz o, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır, onun bütün varlığı ilə sevdiyi bir xalqın övladıdır. İllər bir-birini əvəzlədikcə yeni həyat gerçəklikləri keçilmiş yolun hər bir mərhələsinə parlaq işıq salır. Bu günün uğurları yaxın keçmişə dolğun və obyektiv qiymət vermək imkanı yaradır. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəslənilir və ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Ulu Öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm". Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm vermişdir. Müdrik dövlət xadimi gənclərə böyük ümidlərlə baxaraq cəmiyyətin aparıcı qüvvəsinə inam bəsləyirdi.Ötən əsrin 70-ci illərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə gənc nəsildə vətənpərvərlik hisslərinin oyanmasına, gənclərimizin hərbi peşələrə marağının yüksəlməsinə zəmin yaranmışdı. Bu gün Silahlı Qüvvələrimizdə qulluq edən neçə-neçə generalımız, yüksək rütbəli zabitlərimiz Hərbi liseyin məzunlarıdır. Uzaqgörən dövlət başçısı gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı".
Natiq qeyd edib ki, bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı: "Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət və qayğı daha da artırıldı. Bu gün gənc nəslin düzgün formalaşması ölkə siyasətində önəmli yer tutmaqla yanaşı, gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident Ilham Aliyev Ulu Öndərin gənclər siyasətini də uğurla davam etdirir. Ölkə başçısının gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət proqramları xüsusi qeyd edilməlidir. Həmçinin, Prezident İlham Əliyevin 2007-ci ili "Gənclər ili" elan etməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm verilməsinin daha bir sübutudur. Ulu Öndər çıxışlarında deyirdi ki, gənclərimizin ən mühüm vəzifələrindən biri də ordu sıralarında qulluq etməkdir. Bu gün gənclərimizin böyük bir qismi hazırda Silahlı Qüvvələrimizin sıralarında Vətən qarşısındakı müqəddəs borcunu verməkdədir. Aprel döyüşlərində və İkinci Vətən müharibəsində Ali Baş Komandanımızı, Prezident İlham Əliyevin "Dəmir yumruq" siyasəti ilə güclü Azərbaycan Ordusunun əsgər və zabitləri işğal altında olan torpaqlarımızın azad olunması yolunda son damla qanına kimi vuruşaraq şəhidliyə yüksəlməsi bir daha sübut etdi ki, gənclərimizin vətənpərvərlik duyğuları yüksəkdir. Və bu gün bütün Azərbaycan xalqı, o cümlədən biz gənclər Ali Baş Komandanımızın çağırışına hər zaman hazırıq və istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə qadirik. Dövlət başçımızın: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram",- dediyi bu yüksək münasibətə cavab olaraq Azərbaycanımızın parlaq gələcəyi yolunda biz gənclər bütöv və müstəqil Azərbaycan naminə Vətənimizin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə başçısının etimadını həmişə doğrultmalı, hər an Ali Baş Komandanımızın verəcəyi əmrə müntəzir hazırıq. "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir",- deyən Ümummilli lider Heydər Əliyevin arzuları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Ordumuzun böyük qismini təşkil edən Azərbaycan gəncləri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında, sözün həqiqi mənasında, möhtəşəm bir tarix yazdı! Bir daha ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Onlar bizim qürur mənbəyimizdir".
Fuad Heydər onu da deyib ki, bu günlər ötən ilin dekabrın 12-dən bu günə kimi Laçın-Xankəndi yolunda başlayan dinc aksiya da davam edir: "Aksiyada iştirak edənlərin çoxu gənclərimizdir. Qeyd edim ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar. Bir sözlə, gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi, gənclərə münasibətdə Heydər Əliyev kursunun, Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının apardığı "Dəmir yumruq" siyasətinə daima dəstək olmaqla hər bir çağırışına hazırdır. Və bu gün biz gənclər olaraq fəxr edirik ki, məhz ulu öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyev cənablarının Qalib müstəqil Azərbaycanın vətəndaşıyıq və biz də bundan sonra da Azərbaycanın müstəqilliyi möhkəmlənməsi, qüdrətinin artması yolunda əlimizdən gələni edəcəyik".
Süleyman