İran mədəniyyət mərkəzinin fəaliyyətini yenidən nəzərdən keçirmək lazımdır - ÖZƏL
1 Fevral 2023 12:58 Siyasət"Düşünmürəm ki, keçirilən əməliyyatlarla Azərbaycandakı İran casus şəbəkəsini indiki mərhələdə tamamilə zərərsizləşdirmək mümkün olsun, çünki bu şəbəkə ölkədə illərdir formalaşmışdır, lakin hədəf düzgün müəyyən edilmişdir, onları əsasən media və təbliğat, dini icmalarda, mədəniyyət sahəsində axtarmaq lazımdır".
Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, bu gün bu şəbəkə açıq informasiyalarla öz təbliğatını qurur və əsas məqsədi ölkədə dini və sosial zəmində gərginliklər yaratmaqdır:
"Bu məqsədlə xüsusən gənclər arasında radikal meyllərin artırılması istiqamətində geniş təbliğat şəbəkəsi mövcuddur və onların "aktivistlərini" sosial şəbəkələrdə də görmək mümkündür. Bu casus şəbəkəsi illərdir Azərbaycanda dini dözümsüzlük toxumu səpməyə çalışmışdır. Bu şəbəkənin fəaliyyəti Azərbaycan dövlətçiliyi üçün təhlükə olduğundan onun zərərsizləşdirilməsi istiqamətində davamlı fəaliyyətin aparılması vacibdir. Azərbaycanda İranın maliyyəsi ilə fəaliyyət göstərən müxtəlif qurumların və mərkəzlərin, İran mədəniyyət mərkəzinin fəaliyyətini yenidən nəzərdən keçirmək lazımdır".