Macarıstan Azərbaycanın yaxın dostu, strateji müttəfiqi, Avropa İttifaqında etibarlı tərəfdaşıdır - ÖZƏL
31 Yanvar 2023 09:40 SiyasətAzərbaycan Respublikasının prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri hər iki ölkənin kütləvi informasiya vasitələrində geniş şərh edilməkdədir. Xüsusilə, macar KİV-ləri Azərbaycan prezidentinin bu ölkəyə səfərini geniş təhlil edirlər. Səfər zamanı enerji sahəsində aparılan müzakirələr və imzalanan sənədlərə diqqət çəkən media bunun Budapeşt üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırlar.
Dövlət başçısının Macarıstana səfərinə diqqət çəkən Milli Məclisin deputatı Nəsib Məhəməliyev "OLAYLAR"-a bildirib ki, Azərbaycanla Macarıstan arasında siyasi, iqtisadi, humanitar münasibətlər yüksələn xəttlə inkişaf edir. Millət vəkilinin sözlərinə görə, ölkə başçıları arasında ali səviyyədə dialoq mövcuddur:
"Macarıstan Azərbaycanın yaxın dostu, strateji müttəfiqi, Avropa İttifaqında etibarlı tərəfdaşıdır. Hər iki ölkənin qanunverici orqanlarında parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. İkitərəfli münasibətlərlə paralel olaraq, BMT, ATƏT, Avropa İttifaqı, Şərq Tərəfdaşlığı, Vışeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı kimi, çoxtərəfli platformalarda da səmərəli əməkdaşlığımız davam etməkdədir".
İqtisadi sahədə əməkdaşlığa gəldikdə deputat qeyd edib ki, Macarıstan geniş iqtisadi potensiala malik ölkədir:
"Ümumi Daxili Məhsulun (ÜDM) həcminə görə dünyanın 57-ci ölkəsidir. Ən böyük ixracatçı dövlətlər arasında isə, 34-cü yeri tutur. Əhalisinin sayı 10 milyon olan ölkə üçün bu göstəricilər kifayət qədər yüksək hesab oluna bilər. Macarıstanda sənaye və informasiya kommunikasiya texnologiyaları, turizm, elm və yüksək texnologiyalar, yaxşı inkişaf etmişdir".
Nəsib Məhəməliyev deyib ki, Macarıstan Azərbaycanla energetika sahəsində əməkdaşlığa üstünlük verir və Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir:
"Eyni zamanda nəqliyyat-logistika sahələrində əməkdaşlıq inkişaf etdirilir və hər iki ölkənin nəqliyyat strukturları arasında Anlaşma Memorandumu imzalanmışdır. Macarıstan şirkətləri Azərbaycanda, Azərbaycan iş adamları isə, Macarıstana sərmayə yatırırlar. Humanitar sahədə, hər il 200 azərbaycanlı tələbənin təhsil alması üçün Macarıstan hökuməti maliyyə vəsaiti ayırır.
Azərbaycan Dillər Universitetində macar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. İşağaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi üçün Macarıstan hökuməti 25 min avro ianə ayırmışdır. Bu ilin yanvar ayının 29-da Prezident İlham Əliyev Macarıstan Prezidenti Katalin Novakın dəvətilə 4-cü dəfə bu ölkəyə səfər etdi. Prezident İlham Əliyev və baş nazir Viktor Orban arasında Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlığın genişləndirilməsi haqqında Birgə Bəyannamə imzalandı. Mədəniyyət paytaxtımız Şuşa şəhəri ilə Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu şəhər rəhbərləri tərəfindən imzalandı. İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici işlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Miqrasiya Xidməti ilə Macarıstanın analoji strukturları arasında Anlaşma Memorandumlarının imzalanması ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə çıxarılması deməkdir. Sənədlərin imzalanmasından sonra Dövlət Başçıları mətbuat qarşısında bəyanatlarla çıxış etdilər və iki ölkə arasında formalaşmış əməkdaşlığın müxtəlif aspektlərinə aydınlıq gətirdilər. Liderlərin Bəyanatlarında əsas diqqət çəkən məqam, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətli rol oynaması və etibarlı tərəfdaş adlandırılmasıdır. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi fonunda Şərqlə Qərbi birləşdirən, nəqliyyat-logistika sahəsində Azərbaycanın müstəsna rolu və etibarlı tərəfdaş olduğunun qeyd olunmasıdır".
Millət vəkili deyib ki, Azərbaycan qazının interkonnektorlar vasitəsilə Rumıniyaya, Bolqarıstana, Macarıstana və digər Avropa ölkələrinə nəql edilməsi bu günün reallıqlarldır:
"Gələcəkdə Azərbaycan qazının və elektrik enerjisinin Macarıstan vasitəsilə digər Avropa ölkələrinə ixrac edilməsi, bu ölkənin tranzit imkanlarını artıracaqdır. Baş nazir Viktor Orbanın səsləndirdiyi bir fikirlə razılaşmamaq qeyri-mümkündür. "Enerji və qazla zəngin olan ölkələrin dostu çox olur. Ancaq, əmin etmək istərdim ki, biz çox illər əvvəl dostluğun, əməkdaşlığı əsasını qoymuşuq və mən buna görə Prezident Əliyevə minnətdarlığımı bildirirəm". Həqiqətən də, Azərbaycan Prezidentinin uzun illər əvvəl böyük uzaqgörənliklə həyata keçirdiyi transmilli layihələr nəticəsində Azərbaycan Avropa məkanının enerji təhlükəsizliyində son dərəcə əhəmiyyətli rol oynayır. Bu gün əksər ölkələr Azərbaycanla dostluq münasibətlərinin qurulmasına, əməkdaşlığa can atır".
Macar şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə investisiya yatırmaları məsələsinə gəldikdə isə Nəsib Məhəməliyev deyib ki, bu mümkündür:
"Macarıstan stabil olaraq dost, tərəfdaş ölkədir və əminəm ki, Azərbaycanın müvafiq strukturları bu amili nəzərə alır".
Süleyman İsmayilbəyli