Azərbaycanın əlində hadisənin terror aktı olduğuna dair rəsmi məlumatlar var
30 Yanvar 2023 13:47 Siyasət"Azərbaycan Tehrandakı səfirliyimizə edilən terror hücumu ilə əlaqədar İrana ən sərt reaksiyanı verdi. Belə ki, verilən qərar ilə bu ölkədəki səfirliyimiz diplomatik fəaliyyətini tamamilə dayandırıb. Bunu yanvarın 29-da Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov da təsdiqləyib". "Olaylar"ın məlumatına görə, bunu deyən politoloq Turan Rzayevin sözləribə görə, Təbrizdəki Baş Konsulluğun fəaliyyəti davam etsə də bütün hallarda bu, iki ölkə münasibətləri tarixində verilən ən sərt qərardır: "İran tərəfi maksimum dərəcədə çalışır ki, Azərbaycan səfirliyinə edilən hücumu ailə-məişət zəminində baş verən bədbəxt hadisə kimi təqdim etsin. Rəsmi Bakı isə bu iddianı qəbul etmir. Məsələ ondadır ki, Azərbaycan tərəfinin əlində hadisənin terror aktı olduğuna dair rəsmi məlumatlar var. Ehtimal ki, bununla bağlı İran tərəfi də məlumatlandırılıb. Bakının terror aktına dair ilkin məlumatları təqdim etməsinə rəğmən, Tehranın öz iddiasından əl çəkməməsi nəticədə Bakının daha radikal addım ataraq Tehrandakı səfirliyin diplomatik fəaliyyətini dayandırması ilə nəticələndi. Təbrizdəki Baş Konsulluğun fəaliyyətini davam etdirməsi isə müsbət haldır. Çünki hazırda İranda yaşayan kifayət qədər Azərbaycan vətəndaşı və 40 milyondan çox Azərbaycan əsilli İran vətəndaşı var. Bakı bu insanların taleyinə biganə qala bilməz və istəsək də, istəməsək də konsulluğun fəaliyyəti davam etməlidir. İranın Azərbaycan səfirliyinə edilən hücumu şübhəsiz terror hadisəsidir və bu hadisənin məsuliyyətini birbaşa İran hakimiyyəti daşıyır. Hadisəni törədən şəxsin İran vətəndaşı Yasin Hüseynzadə olması və onun SEPAH-la, eyni zamanda SEPAH-ın Azərbaycan qanadı "Huseynuyun" təşkilatı ilə əlaqəli olması da bunu deməyə əsas verir".
Onun sözlərinə görə, rəsmi Bakı hadisə ilə bağlı səfirliyin İrandakı diplomatik fəaliyyəti tamamilə dayandırsa da bu, kifayət deyil. Azərbaycan tərəfi daha radikal addım atıb SEPAH və onun Azərbaycan qanadı olan "Huseynuyu" terror təşkilatı elan etməlidir. Rəsmi Bakının bu təşəbbüsü beynəlxalq aləmdə müsbət qarşılana, ABŞ, Avropa Birliyi, İsrail kimi ölkələrin də dəstəyinə səbəb ola bilər: "Onsuz da ABŞ 2019-cu ilin aprelindən etibarən SEPAH-ı terror təşkilatı kimi tanıyıb. Bunun məntiqi davamı olaraq 2020-ci ilin yanvarında təşkilatın "Qüds" qolunun komandanı Qasım Süleymaniyə qarşı Bağdadda xüsusi əməliyyat keçirərək onu zərərsizləşdirdi. ABŞ-dan sonra Avropa Birliyi də hazırda SEPAH-ı terror təşkilatı kimi tanımağı nəzərdən keçirir. Əgər bu baş verərsə, Avropa bu məsələdə siyasətini ABŞ-la sinxronlaşdırmış olacaq".