Bu siyasət heç bir müsəlman dövlətinə başucalığı gətirə bilməz - ÖZƏL
30 Yanvar 2023 13:23 Siyasət"Vyana konvensiyasının maddələrinə görə səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır. Son terror hadisələri zamanı səfirliyimizin ərazisinə silahlı basqın beynəlxalq hüququn vəhşicəsinə tapdanması deməkdir. Azərbaycanın İrandakı səfirliyinə hücum İran dövlətinin öz beynəlxalq öhdəliyini yerinə yetirib diplomatik korpusun mühafizəsini təşkil etmədiyini bir daha sübut etdi. Ona görə, bütün məsuliyyət İranın üzərinə düşür". "Olaylar" xəbər verir ki, bunu deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli qeyd edib ki, digər tərəfdən İran 30 ildir terrorla məşğul olan Ermənistana hər tərəfli dəstək olur. Bu baxımdan İran həm hüquqii, həm də islami dəyərlərə zərbə vurub: "Ermənistanla əməkdaşlıqdan İran müsəlman dövləti olaraq daha çox itirib. Ermənistan kimi təcavüzkar siyasəti həyata keçirən, terrora birbaşa dəstək verən, Cənubi Qafqazda sabitlik üçün potensial təhlükə olan bir dövlətə qarşı bu qədər səxavətli olmaq heç bir islami dəyərlərə uyğun gəlmir. Bu siyasət heç bir müsəlman dövlətinə başucalığı gətirə bilməz.. Axı islamda göstərilir: "Zalıma, qaniçənə mərhəmət göstərmək özü zalımlıqdır". Ona görə, İran mövcud vəziyyəti, acınacaqlı durumu təhlil edib nəticə çıxarmalıdır. Qonşu dövlətlərlə, xüsusilə, Azərbaycanla düşmənçilik siyasəti aparması hansı ağır nəticələrə gətirib çıxaracağını dərk etməlidir. Nəhayət terroru əsas siyasətinə çevirən Ermənistana qucaq açması islam dövlətinə başucalığı gətirmədiyinin fərqində olmalıdır".