"Paşinyan indi anlayıb ki, 2 il əvvəl hansı sənədə imza atıb"- ÖZƏL
26 Yanvar 2023 15:45 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevin Davos formunda iştirakı mühüm məsələdir. Doğrudur, uzun müddətdir iştirak edirik. Ancaq, arada fasilə yaranmışdı. Azərbaycan üçün platforma lazım idi. İlham Əliyev bundan çox ustalıqla yararlandı. Çoxsayılı görüşlər keçirdi. Əsas onun dünya iqtisadiyyatının müasir dizaynı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol ilə bağlı fikirləri çox önəmli idi".
Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib.
"O cümlədən, Çin televiziyasına verdiyi müsahibədə müasir dövrün siyasi xəritəsini cızdı. Dünyada baş verən prosesləri gündəmə gətirdi. Hazırda Azərbaycan üçün çox önəmli məsələ olan orta dəhlizi gündəmə gətirdi. Orta dəhlizin Zəngəzur adlandırılması prezidentin təşəbbüsüdür. Paşinyan indi anlayıb ki, iki il öncə qol çəkdiyi sənəddə bilavasitə Azərbaycanın Qərb rayonlarının Naxçıvana birləşdirilməsi məsələsinə qol çəkib. Siyasət budur. İlham Əliyev yenidən bu məsələni Davosda gündəm etdi. Azərbaycan yaşıl enerji sahəsində yeni layihələr həyata keçirəcək. Bu barədə BƏƏ, Səudiyyə Ərəbistanı ilə müqavilələr bağlanıb. Bu il yanvar ayının 1-dən Azərbaycandan Macarıstana yaşıl enerji layihəsi həyata keçirəcək. Azərbaycan Rumınya, Aİ ilə bağlanan müqavilələrə əsasən, Avropanın qaz təchizatında önəmli yer alacaq.
10 milyonluq bir dövlətin prezidentinin dünyanın nəhəng dövlətlərinin başçıları ilə görüşləri, Azərbaycanın yüksək səviyyədə təmsil edilməsi önəmli məsələdir.
İlham Əliyevin Davosdaki fəaliyyətinin yekununda bir neçə istiqamət görəcəyik. İqtisadi, siyasi, mədəni istiqamətlərdir bunlar. Azərbaycan nələr istəyir, nələrə hazırlaşır, hazırlaşdığımız layihələr haqqında danışıldı. İlham Əliyev Davosda iştirakı ilə Azərbaycanın gələcəkdəki layihələrinin, işlərinin xəritəsini cızdı".