Elmə qoyulan vəsaitlərdən səmərəli istifadə olunması milli inkişafa xidmət edir

İstiqamət-Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Azərbaycanda bütün sahələr kimi elm və təhsilin inkişaf etdirilməsi dövlətin əsas prioritetlərindən sayılır. Ötən illər ərzində bu sahəyə diqqətin artırılması, büdcədən elm və təhsil sahəsinə ayrılan vəsaitlərin artırılması, müxtəlif proqramların həyata keçirilməsi fonunda bunu aydın görmək mümkündür. Xüsusilə, bu məsələdə dövlət başçısının iradəsi mühüm rol oynayır. Elə hüquqşünas Əli İbrahimov da bu qənaətdədir. O bildirib ki, dövlət başçısının yüksək diqqəti və müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir: "Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm, fundamental töhfələr verir. Ümumiyyətlə, Azərbaycanda elm və təhsilin inkişafına xidmət edən strateji əhəmiyyətli tədbirlərin önəminə nəzər yetirmək üçün bir sıra məqamlara toxunmaq məqsədəmüvafiqdir".

Əli İbrahimov deyib ki, Azərbaycanın gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır: "Bəllidir ki, təhsilin inkişaf etdirilməsi, keyfiyyətcə yeni tərəqqi meyillərinin əldə olunmasına təkan verən mühüm amillərdən biri bu sahəyə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsidir. Məhz bu proses Azərbaycanın təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunmasına gətirib çıxaran başlıca meyilləri özündə ehtiva edir. Bu həm də onu deməyə əsas verir ki, Azərbaycanın təhsil sisteminin inkişaf prioritetləri dünyada cərəyan edən proseslərə inteqrasiya olunmaqla, beynəlxalq standartların mənimsənilməsi və təhsil təcrübəsinə tətbiq olunmasıyla müəyyənləşdirilir. Elə bu prosesin fonunda əldə edilən nəticə və göstəricilər ölkəmizin təhsil sistemində mütərəqqi meyillərin davamlı xarakter almasına gətirib çıxarır. Bu isə ümumi inkişaf konsepsiyasının təhsil istiqamətinin əsaslarının möhkəmləndirilməsinə və intellektual inkişaf səviyyəsinin daha da yüksəldilməsinə səbəb olur. Mühüm strateji prioritet olan bu vəzifənin icrası istiqamətində görülən işlər həm elm və təhsilin inkişafına təkan verir, həm də kadr potensialının təkmilləşməsi prosesində mühüm rol oynayır".

Hüquqşünas deyib ki, ölkəmizdə bu sahədə məqsədyönlü işlər görülür, həyata keçirilən tədbirlər elmin tərəqqisinə və bütövlükdə dayanıqlı inkişafın təmin olunmasına xidmət edir: "Bu məqamda qeyd etmək yerinə düşər ki, ölkəmizdə 2009-cu il 21 oktyabr tarixli Sərəncama əsasən, Prezident yanında Elmin İnkişafı Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda elmi araşdırmaların stimullaşdırılması, ölkənin təbii sərvətlərinin, mədəni və tarixi irsinin öyrənilməsi işlərinin intensivləşdirilməsi, elmin müxtəlif sahələri üzrə tədqiqatların səmərəliliyinin artırılması və Azərbaycan elminin dünya səviyyəsində layiqincə təmsil olunmasına dövlət dəstəyinin təmin edilməsidir. Elmin inkişafının təşviq edilməsi, alimlərin potensialının üzə çıxarılması məqsədilə Fond hər il müxtəlif elm sahələri üzrə qrant müsabiqələri təşkil edir. Və bütövlükdə bu müsabiqələr elmi potensialdan daha səmərəli istifadə olunması prosesini sürətləndirir".

Əli İbrahimov onu da deyib ki, elmə qoyulan vəsaitlərdən səmərəli istifadə olunması milli inkişafa xidmət edir: "Bu da bir həqiqətdir ki, elmə qoyulan vəsait həm bu sahənin, həm də ölkənin bütövlükdə inkişafında mühüm rola malikdir. Dünya təcrübəsi onu göstərir ki, elmi inkişaf etdirmədən ümumi inkişafa və uğurlu gələcəyə nail olmaq mümkün deyil. Elmi resurslardan səmərəli istifadə olunması ayrı-ayrı sahələrin tərəqqisini təmin etməklə yanaşı, inkişaf perspektivlərinin genişlənməsinə etibarlı zəmin yaradır. Bunun üçün isə elmə qoyulan vəsaitlərdən səmərəli istifadə mexanizminin formalaşdırılması zəruridir. Azərbaycanda elmin inkişafına diqqətin göstərilməsinin bariz nümunələrindən biri də bu sahəyə davamlı olaraq əhəmiyyətli vəsait qoyulmasıdır. Və bu vəsaitlərdən səmərəli istifadə olunması davamlı xarakter alıb.  Onu da qeyd edək ki, bu gün dövlət tərəfindən ardıcıl şəkildə atılan addımlar elmin, təhsil sisteminin, idarəetmənin müasir prinsipləri üzrə təşkilinə təkan verməkdədir. Həyata keçirilən islahatlar, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcminin artırılması elm və təhsilin, sosial sahə və institutların inkişafına səbəb olmaqla yanaşı, müxtəlif sahələr üçün yararlı, yüksək səviyyəli kadr potensialının formalaşdırılması işinə də təkan verir. Bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yaradılması, həm də gənclərin müxtəlif ölkələrdə təhsil almasına geniş şərait və imkanlar yaradılması vasitəsilə həyata keçirilir. Bu baxımdan, Azərbaycanda həm milli inkişaf, həm kadr potensialının təkmilləşdirilməsi kontekstində elm və təhsil müəssisələrinin, tədqiqat mərkəzlərinin səmərəli fəaliyyətinə xüsusi diqqət yetirilir. Bu gün respublikanın aparıcı elm və təhsil, o cümlədən elmi-tədqiqat mərkəzləri həm Azərbaycan təhsilinin inkişafına, həm də səmərəli beynəlxalq əməkdaşlıq əlaqələrinə malik olmaqla ölkə təhsilinin beynəlxalq inteqrasiyasına fundamental töhfələr verirlər. Aparıcı təhsil müəssisələrindən məzun olan kadrlar cəmiyyətin ayrı-ayrı sahələrində, ictimai-sosial münasibətlər sistemində təmsil olunmaqla, eyni zamanda, idarəetmənin müasir prinsiplər və standartlar üzrə təşkilinə töhfə verməkdədirlər. Hər hansı sahədə irəliləyişin əldə olunması üçün ən vacib məsələlər maddi-texniki bazanın və savadlı, intellektual və peşəkar kadrların mövcudluğudur. Dolayısıyla, müasir elmi-texniki yeniliklərdən xəbərdar olan, iqtisadiyyatda idarəetmənin müasir metodlarına yiyələnən peşəkar kadrlara tələbat da artır. Bu çağırışlara müvafiq olaraq ölkədə kadr hazırlığına xidmət edən təhsil sahəsinə çox böyük diqqət ayrılır. Bu istiqamətdə görülən işlər başlıca olaraq təhsildə kəmiyyət və keyfiyyət dəyişikliklərinə yönəlib".

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31