Bu il Azərbaycanın qarşısında hansı məqsədlər dayanır? - ÖZƏL
26 Yanvar 2023 15:07 Siyasət"2023-cü il Azərbaycan üçün bir sıra əlamətdar hadisələrlə yadda qala bilər. Zəngəzur dəhlizinin açılması dövlətin qarşısında duran əsas prioritetlərdən biridir. Dəhliz açılarsa, bu Bakı üçün müstəsna hal olacaq. Çünki Zəngəzur dəhlizi ilə Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit layihələrində əsas tərəf kimi çıxış edəcək və bu Bakının dünyəvi əhəmiyyətini daha da artıracaq".
Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib:
"Eyni zamanda, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan hazırda enerji layihələri, xüsusilə bərpa olunan enerji resurslarının artırılması istiqamətində, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində bir sıra layihələrin icrasına başlayıb və ya bu istiqamətdə addımlarını artırıb. Buna görə də, bu il Azərbaycanın onsuz da mövcud olan enerji ölkəsi kimi əhəmiyyətini daha da artıra bilər. Bu həm əlavə qazanc, həm də dünya siyasətində aktiv rol almaq üçün əlavə imkanlar deməkdir.
Bu ilin əsas əlamətdar hadisələrindən biri də, Qarabağ probleminin həlli istiqamətində yekun addımların atılması ola bilər. Rəsmi Bakı Qarabağda davam edən özbaşınalıqları əngəlləmək, xüsusilə Ermənistan ilə dövlət maraqlarına uyğun sülh müqaviləsinin imzalanması üçün təzyiqlərini artırır. Sülh müqaviləsinin imzalanması bir sıra beynəlxalq güclər tərəfindən əngəllənsə də, Bakı öz qərarlılığından imtina etmir. Əgər sülh müqaviləsi bağlanarsa, bu hal da Azərbaycanın inkişafında yeni və müstəsna fürsətlər yaradacaq.
Məhz Prezidentin 10 yanvar tarixində səsləndirdiyi fikirlər bu ehtimallar üzərində əməli addımların atıldığını deməyə əsas verir. Bakı indi hamıdan çox sülh və sabitliyə, eyni zamanda qarşılıqlı əməkdaşlıq və qarşılıqlı inkişafa həvəslidir".