Avropa İttifaqı ədalətli olsaydı,...
27 Yanvar 2023 09:57 SiyasətArzuman Muradlı: "Ötən 30 il ərzində Ermənistan kimi cırtdan bir dövlətin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməməsini, onu ayaqlar altına atmasını qınayardı"
Azərbaycan demək olar ki, bütün istiqamətlərdən qərəzli, ədalətsiz basqılara məruz qalıb. 30 ilə yaxın ərazilərimizin işğal altında olmasını bir kəlmə belə dillərinə gətirməyən, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrilib ağır şərtlər altında yaşamasından zərrə qədər narahat olmayan bir sıra beynəlxalq təşkilatlar, Avropanın siyasi təsisatları, eləcə də özlərini ədalət carçısı kimi qələmə verib zərrə qədər ədalətli olmayanlar erməni yalanlarına şərik çıxaraq bi gün Azərbaycana qarşı sanki səlib yürüşünə çıxıblar. Xankəndi-Laçın yolunda vətəndaş cəmiyyəti nümayəndələrimizin ermənilərin Qarabağda həyata keçirdikləri ekoloji terrora qarşı dinc aksiya keçirməsini az qala Qarabağa əsrin əvvəllərində xüsusi plan əsasında yerləşdirilmiş "məzlumların" soyqırımı, blokadada saxlanılması kimi qələmə verənlər baş verənlərin mahiyyətinə, orada nələrin cərəyan etdiyi və nələrin baş verdiyinin mahiyyətinıə varmadan Azərbaycanı günahkar çıxarır, təqsirkar bilirlər. Hər gün onlarla mülki avtomobilin və Rusuya sülhməramlılarının təminat maşınlarının heç bir maneə olmadan ərazidən keçidini görməzdən gəlir, sözün əsl mənasında Azərbaycana qarşı qərəz, kin, küdurət nümayiş etdirirlər. Bu günlərdə Avropa İttifaqı Şurasının qəbul etdiyi məlum qərar da məhz bunun təsdiqidir. Məlumat üçün qeyd edək ki, sözügedən bədnam qərara əsasən Avropa İttifaqının missiyası iki il müddətinə Azərbaycanla sərhəddə yerləşdiriləcək. Sözdə onun adı mülki missiya olsa da, ancaq reallıq ondan ibarətdir ki, bu missiya hərbi təyinatlıdır. Belə demək mümkünsə, Avropanın antiAzərbaycan dairələri mülki missiya adı altında Cənubi Qafqaza Rusuya sülhməramlılarına alternativ olan bir qüvvə göndərir. Heç şübhəsiz ki, bu düşünülməmiş və Azərbaycanın maraqlarına zidd olan addım regionda gərginlyin daha da artmasına gətirib çıxaracaq. Elə "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı da bu qənaətdədir. İctimai Birlik sədri qeyd edib ki, Azərbaycanla sərhəddə yerləşdirilməsi nəzərdə tutulan qüvvələrin komandanlığının polis deyil, sırf hərbiçi olması da onu deməyə əsas verir ki, burada məqsəd tamamilə başqadır: "Bu da onların məqsədinin heç də sağlam olmadığından xəbər verir. Bu gün ərazidə Rusiya sülhməramlıları xidmət edir və əgər onların statusu yoxdursa, belə çıxır ki, onlar ərazini tərk etməlidirlər?. Digər tərəfdən, Azərbaycan əraziləri 30 ilə yaxın işğala məruz qalanda, torpaqlarımız ermənilər tərəfindən dağıdılanda həmin qüvvələr, yaxud onları formalaşdıran dövlətlər harda idilər, nə üçün səsləri çıxmırdı?. Biz Ermənistan tərəfindən işğal olunan ərazilərimizi azad edirik, bütün dünya bir-birinə dəyir. Nəyə görə? Bu gün Azərbaycandan əsassız şəkildə nəyisə tələb edən, bizə qarşı qərəzli mövqe nümayiş etdirən hansı bir Avropa ölkəsi öz ərazisinin 20 faiz demirəm, 1 faizinin belə işğala məruz qalması ilə barışar. Yaxud 30 il bu işğalla yaşayar. Təbii ki, heç biri. Belə olan halda Azərbaycan nə üçün işğalla barışmalıdır? Nəyə görə ərazilərimizi azad etmək istəyi, bunun reallaşdırılması Avropa tərəfindən mənfi qarşılanmalıdır?". Arzuman Muradlı hesab edir ki, Avropa İttifaqı ədalətli olsaydı, ötən 30 il ərzində Ermənistan kimi cırtdan bir dövlətin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməməsini, onu ayaqlar altına atmasını qınayar, bu ölkəyə qarşı təsirli addımlar atardı: "Təəssüflər olsun ki, 30 illik işğal dövründə biz bunların heç birini görmədik. Əksinə, biz öz gücümüz, hərbi qüdrətimizlə işğal altında plan ərazilərimizi azad edən kimi BMT bir yandan, Avropa İttifaqı, Fransa və digər ölkərlə də digər bir tərəfdən Azərbaycana qarşı hücuma keçir, heç bir məntiqə, ədalətə sığmayan bəyanatlar səsləndirirlər".
Arzuman Muradlı hesab edir ki, bu erməni maraqlarına xidmət edən təşkilatlar və siyasilərin Azərbaycana yönəlik beynəlxalq təzyiqinin bir növüdür. İctimai Birlik sədri əmin olduğunu bildirib ki, indiyə qədər Azərbaycana qarşı yönəlmiş məkirli planlar kimi bu oyunun da qarşısını almağa dövlət-xalq birliyi ilə nail olacağıq.
Süleyman İsmayılbəyli