Rusiyanın və Fransanın adamının ifşa edilməsi Londonu qane edir
25 Yanvar 2023 12:41 SiyasətGörünən odur ki, Qərb, Avropa Qarabağda yeni bir oyuna başlama marağındadır. Həm də Avropanın üzqarası olan Fransanın əliylə. Hər halda Avropa İttifaqı Şurasının Ermənistana 2 illik missiya göndərmək qərarı belə deməyə əsas verir. Düzdür, regionda, xüsusilə də Qarabağda yeni bir münaqişənin yaranması prinsip etibarilə Avropaya sərf etməsə də, lakin regiondakı Rusiya faktoru Avropanı Rusiyaya qarşı ikinci cəbhə açmaq barədə düşündürüb. Elə Avropa İttifaqı Şurasının məlum qərarı da bir tərəfdən Ermənistana dəstək xarakteri daşıyırsa, digər tərəfdən Rusiyaya qarşı yeni bir cəbhə açmaq mahiyyəti daşıyır.
Hazırda Avropa Rusiyanın Cənubi Qafqaz regionundakı bütün təşəbbüsləri, eləcə də llayihələrini ifşa etməklə məşğuldur desək yanılmarıq. Kreml rəhbərinin iştirakı ilə keçirilən sonuncu üçtərəfli görüşdən sonra Azərbaycanla Ermənistan arasında danışıqların demək olar ki, dalana dirənməsində də Avropanın "əməyi" az deyil.
Bu arada 44 günlük Vətən müharibəsindən sonra anidən Qarabağda peyda olan, əsasən rusiyalı iş adamı kimi tanınan və qısa müddətdə separatçı rejimdə dövlət naziri vəzifəsində qədər yüksələn Ruben Vardanyanın Böyük Britaniyanın BBC kanalına müsahibəsində jurnalistin sərt suallarına tuş gələrək özünü ifşa etməsi də əslində daha çox Avropanın əli ilə Rusiyanın ifşası demək idi. Məsələ ilə bağlı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, ilk növbədə BBC-nin əslində niyə Vardanyan kimi birindən müsahibə almasına nəzər yetirmək lazımdır. Onun sözlərinə görə, Ruben Vardanyan ondan müsahibə alan S.Sakurun digər müsahibləri kimi tanınmış biri lider və ya hər hansı bir ölkənin tanınmış fiquru deyil: "Vardanyan adı bir milyarderdir. Onun tarixçəsi artıq hamının məlumudur. Hesab edirəm ki, BBS rəsmi Londonun dilindən danışır. Vardanyan fiqur olsa da, Rusiyanın fiqurudur. Gələcəkdə onun Paşinyana rəqib olacağı, hətta plan olaraq Ermənistanın rəhbərliyinə hazırlandığını da nəzərə alsaq, Rusiyanın, eləcə də Fransanın adamının ifşa edilməsi Londonu qane edir. Suallarda da daha çox Rusiyaya vurğu edilməsi bununla əlaqəli idi".
Azər Qasımov deyib ki, Rusoyanın adamı sayılan R.Vardanyanın Fransa tərəfindən dəstəklənməsi köhnə oyunun təzə versiyasıdlr: "Xatırladım ki, Gürcüstanda da eyni ssenari üzrə hərəkət edilib. Rusiyanın adamı İvanişvilinin və Fransanın adamı Salome Zurabişvili Gürcüstanı birlikdə idarə edirlər. Görünən odur ki, bu dəfə "ikisi birində" kompaniyasına start veriblər. Rusiya və Fransa Ermənistana rəhbərlik üçün R. Vardanyan üzərində razılığa gəliblər".
Politoloq onu da deyib ki, BBC müxbiri S.Sakurun əvvələr də erməni liderləri ilə müsahibələri olub: "Məsələn, Sarkisyan, Köçəryanla. O, həmin müsahibələrdə də reallıqları danışması üçün müsahiblərinin üzərinə açıq və şərt şəkildə gedib. Əslində bu, onun stilidir. Başqa müsahibələrində də o, belə olub. Gəlin onun verilişinin adını unutmayaq. Veriliş "Hard Talk" adlanır, yəni "Sərt söhbət" Məsələn, S.Sakur Amerika prezidentləri C.Buş, B.Klinton, Venesuela prezidenti U.Çaves, Rusiya XİN rəhbəri Lavrov, Kremlin mətbuat katibi Peskovla müsahibələrində də heç də yumşaq davranmamış, müsahiblərinə çətin anlar yaşatmışdı".
AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə isə deyib ki, Ruben Vardanyanın BBC-nin məşhur layihəsi olan HARD TALK- a verdiyi müsahibə özünün əsil kimliyinin, regiona kimlər tərəfindən və hansı məqsədlər üçün göndərildiyinin ifşası oldu: "Qarabağ iqtisadi rayonunda baş verən prosesləri, eko fəallarımızın məlum səbəblərdən dolayı təşkil etdikləri aksiyaya fərqli don geyindirməyə çalışan Vardanyan, həmin müsahibəni bir fürsət kimi qiymətləndirdi və ənənəvi məzlum erməni imicinə bürünərək ölkəmizə qarşı əsasız və təxribat xarakterli fikirlər səsləndirdi. Lakin Ruben Vardanyan jurnalist Steven Sakuranın sualları qarşında aciz vəziyyətə düşdü. Xüsusilə jurnalistin Putinlə bağlı verdiyi suallardan yayınaraq, diqqəti qərb ölkələrinin üzərinə çəkməyə çalışdı. Müsahibə zamanı Fransa prezidenti Makrondan sitatlar gətirən Vardanyan rəsmi Parisin də onlara dəstək verdiyi alqısını formalaşdırmağa çalışdı. Ancaq istər Fransa, istərsə də Ermənistanı dəstəkləyən digər qərb dövlətləri Ruben Vardanyanın Rusiyanın maraqlarına xidmət etdiyini bilir, onun Kremlin Koçəriyan-Sarkisiyan layisənin davamı olduğunu anlayırlar və Vardanyanı dəstəkləməkdə maraqlı deyillər".
AVP rəsmisinin sözlərinə görə, Rusiya Koçəriyan-Sarkisiyan cütlüyünün erməni cəmiyyətində nüfuzunun olmamasını bildiyi üçün Vardanyan kimi yeni bir fiquru göndərməklə öz maraqlarını təmin etməyə çalışır: "İstənilən halda Kreml elitasının çirkli pullarını yumaqla məşhurlaşan, hər daim adı korrupsiya əməllərində hallanan bir cinayətkarın torpaqlarımızda olması arzu olunan hal deyil və onun tez bir zamanda torpaqlarımızı tərk etməsi üçün təzyiqlərimizi artırmalıyıq".
Süleyman