Bu missiyanın  məqsədi Rusiyanın Ermənistana verdiyi təhlükəsizlik qarantiyasının Aİ tərəfindən əvəzlənməsi mərhələsidir - ÖZƏL

Dünən Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Hüquqşünas Vüqar Dadaşov "Olaylar"a bildirib ki, həmin qərarla bağlı Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel açıqlama verərək Avropa İttifaqının Ermənistanda missiyasının yaradılmasını regionda davamlı sülhün əldə edilməsi və həmçinin Avropa Şurasının prezidenti Şarl Mişelin rəhbərlik etdiyi prosesdə vasitəçilik missiyasının gücləndirilməsi məqsədi daşıdığını bildirib: "Sözsüz ki, Cozep Borrelin açıqlaması Aİ-nın Ermənistana ikiillik mülki missiyasının görünən tərəfi barədə və publik siyasi formal xarakterlidir. Ancaq mübahisəsiz məlumdur ki, həmin sözü gedən missiyanın əsl hədəfi Rusiyanı bölgədən sıxışdırmaq və Azərbaycana qarşı müəyyən təzyiq mexanizmini formalaşdırmaqdır. Nəzərə alsaq ki, Aİ bu mülki missiyanı bir tərəfli qaydada həyata keçirir və missiya ancaq Ermənistan tərəfindən sərhəd boyu yerləşdirilir onda ümumi mənzərə aydın olur. Həqiqətdə bu missiyanın  məqsədi Rusiyanın Ermənistana verdiyi tarixi təhlükəsizlik qarantiyasının Aİ tərəfindən əvəzlənməsi mərhələsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31