Azərbaycanda savadlılığın səviyyəsi 100 faizdir - ÖZƏL
24 Yanvar 2023 11:40 Siyasət"BMT Baş Məclisi tərəfindən 24 Yanvar Beynəlxalq Təhsil günü elan edilib. Bu, səbəbsiz deyildir. YUNESKO-nun məlumatına görə, dünyada 258 milyon uşaq və gənc məktəbə gedə, təhsilini davam etdirə bilmir. 617 milyon uşaq və gənc oxuya bilmir, ibtidai təhsili yoxdur. Afrikanın Saxara hissəsində qızların 40%-i oxuya bilmir. Dünyada 4 milyon nəfər qaçqın qız təhsildən kənarda qalıb". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, Azərbaycanda isə fərqli bir vəziyyətdir: "Bu gün biz bir millət olaraq əldə etdiyimiz bütün nailiyyətlərə görə məktəbimizə, təhsilimizə, müəllimlərimizə borcluyuq. Ölkəmizdə savadlılıq 100%-dir. Həm dövlət büdcəsi hesabına, həm də Heydər Əliyev Fondunun xətti ilə müasir avadanlıqlarla təchiz edilmiş məktəblər hətta ən ucqar dağ kəndlərində tikilib. Təhsilimizin beynəlxalq standartlara çatdırılmasından ötrü işlər görülür. Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfəri zamanı inşasının təməlini qoyduğu binalardan biri məktəb olur. Dədə-baba torpaqlarına qayıdan sakinlərin övladlarını müasir məktəblər qarşılayır. Bu gün ölkəmizdə qızlarımız təhsilə cəlb olunub. Ucqar dağ kəndlərində orta məktəbi bitirən qız övladlarımızın arasında ali məktəblərə qəbul olanların sayı ildən-ilə artır. Unutmayaq ki, millətimizin gələcəyi olan təhsil təkcə məktəbin və müəllimlərin deyil, eyni zamanda valideynlərin, bütövlükdə cəmiyyətin də işidir".