Aİ missiyasının tərkibində NATO-nun keçmiş və indiki agenturası olacaq - ÖZƏL

"Avropa İttifaqının öz missiyasını Azərbaycan-Ermənistan sərhədinə göndərməkdə məqsədi Rusiya əleyhinə fəaliyyət və Brüssel üçün informasiya toplamaq olacaq". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri,  politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, bu missiyanın tərkibində NATO-nun keçmiş və indiki agenturası olacaq: "Onların  Ermənistan ərazisində yerləşməsi Rusiya üçün daha çox problem yaradacaq. Azərbaycan zatən Avropa İttifaqı və NATO ilə daim əməkdaşlıq edir, istəsə belə onsuz da bu missiyaya mane ola bilməz. Bu, Ermənistanın təktərəfli və süveren haqqıdır. Hansı təşkilatı, ölkəni öz ölkəsinə dəvət etmək onun öz işidir. Bu, İranın  Ermənistanda konsulluq açması kimi bir şeydir. Biz buna mane ola bilmədiyimiz kimi, Aİ-nın Ermənistan sərhəddinə gəlməsinə də mane ola bilmərik". 
Politoloq hesab edir ki, əslində buna ciddi şəkildə etiraz etməyə də ehtiyac yoxdur: "Bu, Azərbaycanın onlardan çəkindiyi anlamına gələr. Biz bu məsələdə  özümüzü konstruktiv göstərsək, fikrimcə, daha normal olar. Azərbaycanın Aİ ilə ciddi problemi yoxdur. Problem Aİ ilə Rusiyanın arasındadır. Deməli, mübarizə də Ermənistanda onlar arasında gedəcək ki, bu da gözlənilən proqnozlar arasındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31