Ermənistana sərmayə yatıran ilk beşlik dövlətlər sırasında “böyük bacı”ların adı yoxdur - ÖZƏL
23 Yanvar 2023 11:39 SiyasətErmənistanın dövlət borcu 2022-ci ildə 15.3% - 1 milyard 412 milyon ABŞ dolları artıb və ötən ilin dekabr ayında 10 milyard 638 milyon ABŞ dolları təşkil edib. Məlumatı Ermənistanın Maliyyə nazirliyi yayıb. Nazirliyin açıqlamasında yer alan məqamlar, borclanmadan əldə olunan vəsaitlərin əsasən dövlət büdcəsindəki defisitin qapanmasına və sosial proqramların həyata keçirilməsinə sərf olunduğunu söyləməyə əsas verir. "Olaylar"ın məlumatına görə, siyasi Şərhçi Elçin Mirzəbəyli qeyd edib ki, 2022-ci ildə Ermənistan iqtisadiyyatına sərmayə yatıran ölkələrin siyahısı da kifayət qədər maraq doğurur: "Belə ki, investorların siyahısına hər zaman olduğu kimi Rusiya başçılıq edir. İkinci sırada çox böyük fərqlə Şimali Kipr, üçüncü yerdə isə Böyük Britaniya yer alıb. Növbəti sıralarda isə Niderland və Kanada dayanır. Maraqlıdır ki, Ermənistanın "böyük bacı"larının - Fransa və İranın adı ilk beşlikdə yoxdur. Fransanın adı Almaniyadan sonra, yəni 7-cı sırada gəlir. İran rəsmilərinin Ermənistanla ticarət dövriyyəsinin artması, investesiya proqramları barədə verdikləri gurultulu açıqlamalardan fərqli olaraq, real rəqəmlər molla rejiminin Ermənistana sərmayə yatıranların sırasında olmadığını göstərir. Erməni mənbələrində diqqəti çəkən məqamlardan biri də 2022-ci ildə bu ölkəyə maliyyə axının 2021-ci illə müqayisədə 230 milyon ABŞ dolları civarında azalmasıdır. Ermənistana pul göndərişlərinin əsasən Rusiyadan və Ukraynadan olduğunu nəzərə alsaq, azalmanın müharibə nəticəsində baş verdiyini söyləyə bilərik".