Azərbaycanın tarixi ədalət və beynəlxalq hüququn təmini uğrunda mübarizəsi: yeni prioritetlər
23 Yanvar 2023 11:25 SiyasətPrezident İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibə siyasi və ekspert dairələrində geniş əks-səda doğurub. Həmin müsahibədə ifadə edilən fikirləri ekspertlər həm də yeni şəraitdə Azərbaycan dövlətinin fəaliyyət proqramının punktları kimi qiymətləndirirlər. Azərbaycanın dövlət başçısı məhəlli-regional və qlobal miqyaslarda həyata keçirdiyi siyasətin bir sıra aspektlərini izah edib. Həmin izahlardan Azərbaycan rəhbərinin siyasi kursunun perspektivləri aydın görünür.
"Böyük siyasəti ... xırda mənfəətlərə bağlamaq olmaz": Ulu Öndərin kursunun işığında
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini dinlədikcə yada Ulu Öndər Heydər Əliyevin məşhur kəlamları düşür. Ümummilli Lider deyirdi: "Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz". Böyük siyasətin Böyük məqsədləri olmalıdır. Onlara çatmaq üçün də Liderin siyasi, ideoloji, mənəvi-əxlaqi cəhətdən Böyük olması şərtdir. Ulu Öndər bu Böyüklüyün əvəzedilməz nümunəsi oldu. Bu Böyüklüyün çox ciddi siyasi mənası olan bir tərəfi haqqında da Heydər Əliyev fikir bildirib. Ulu Öndər ifadə edib ki, "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır".
Azərbaycan dövlətinin başçısı İlham Əliyev hər iki tezisdə ifadə edilən keyfiyyətlərə sahib olduğunu yerli televiziya kanallarına müsahibəsində bir daha nümayiş etdirib. Jurnalistlərin müxtəlif xarakterli suallarını böyük məharətlə cavablandıran Prezident həm də həmin cavablarla dövlətin xalq üçün olduğunu ifadə edib.
Müsahibənin başlanğıcında Azərbaycan Prezidenti, ümumən, iqtidar, dövlət və cəmiyyət olaraq fəaliyyətimizin ümumi məzmunu, məqsədi, strategiyası və bunların fövqündə toplum olaraq milli məsuliyyət məsələsini yığcam və aydın fikirlərlə ifadə edib. İlham Əliyev bununla bağlı deyib: "2023-cü ilin uğurlu olması üçün biz hamımız fəal çalışmalıyıq. Keçən ilin əvvəlində də mən Azərbaycan media nümayəndələri ilə görüş zamanı fikir bildirmişdim ki, ümid edirəm 2022-ci ildə qarşıda duran vəzifələr yerinə yetiriləcək və biz bütövlükdə buna nail olduq. Bu gün - 2023-cü ilin əvvəlində bu görüş zamanı da əlbəttə ki, bu məsələlər haqqında danışacağıq. Yenə də ümidliyəm və ümidimin səbəbləri var. Çünki Azərbaycanın postmüharibə dövründə göstərdiyi mövqe və beynəlxalq miqyasda əldə etdiyi uğurlar bunu deməyə əsas verir".
Burada söhbət, ilk növbədə, Azərbaycan rəhbərliyinin davamlı, öncədən proqnozlaşdırılmış və əsaslandırılmış siyasət apardığını və onun tamamilə milli dövlətçiliyə xidmət etdiyini vurğulamaqdan gedir. İlham Əliyev anladır ki, 2022-ci ildə əldə etdiyimiz uğurların kökündə bu məqam dayanır, eyni zamanda, əldə etdiyimiz təcrübə göstərir ki, 2023-cü il də uğurlu olacaq. Prezidentin həmin ümidverici mövqeyi Azərbaycan xalqını, dövlətimizin müttəfiqlərini sevindirir və həm də bizə dost olmayanlara xəbərdarlıqdır: Azərbaycan müstəqil siyasi kursunu davam etdirəcək!
Əlbəttə, bu səviyyədə möhtəşəm məqsədləri qarşısına vəzifə kimi qoyan bir Liderin dərin düşünülmüş fəaliyyət kursu olmalıdır. Elə bir kurs ki, hər sonrakı addım öncəki addımın məntiqi nəticəsi olmaqla yanaşı, həm də reallığa uyğun gəlsin. İlham Əliyev müsahibəsində məsələnin bu tərəfini ümumi dövlət quruculuğu kursu kontekstində izah edib. Dövlət başçısı ifadə edib: "İkinci Qarabağ müharibəsindən sonra bizim əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Biz dərhal işə başladıq. Çünki yaxşı başa düşürdük ki, əgər biz siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün - artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib".
Bəli, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib və bunu təsdiq edən faktlardan biri keçən ilin dekabrında BMT-də Azərbaycanı çox sayda dövlətin müdafiə etməsi nəticəsində Fransa-Ermənistan cütlüyünün ağır məğlubiyyətə uğramasıdır.
Bəs Azərbaycanı dünya hansı səbəblərdən qəbul etməyə başlayıb? Bu suala çox doğru cavab Prezidentin müsahibəsində mövcuddur. İlham Əliyev bəyan edib: "Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik.
Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır.
...Dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır".
Haqq yolu: Azərbaycanın uğurlarının təməllərindən biri
Bəli, Azərbaycan həmişə haqq yolunda olub, tarixi ədalətin bərpasına, milli qürurun təmin edilməsinə birmənalı olaraq beynəlxalq hüquq çərçivəsində nail olmağa çalışıb. Bu fəaliyyəti ilə Prezident İlham Əliyev Ulu Öndərin başqa bir kəlamına daim əməl etdiyini nümayiş etdirir. Heydər Əliyev öyrədirdi: "Ədalətsizliklə ədaləti bərpa etmək olmaz"!
Bu tezis, ümumiyyətlə, Azərbaycan dövlətçilik ənənəsinin çox mühüm prinsiplərindən biridir. Türk dövlətlərinin başçıları həmişə ədalətli, qanuna əməl edən və mənəviyyatlı olmalıdırlar! Hazırda İlham Əliyev bunun ən parlaq nümunəsidir!
Azərbaycan Prezidenti ədalətli olaraq regional təhlükəsizliyin və əməkdaşlığın yeni formatlarının təşəbbüskarı kimi çıxış edir. Eyni zamanda, ölkənin iqtisadi qüdrətini daha da artırmaq üçün ciddi fəaliyyət göstərir. Buna görə də Prezident deyir ki, "...iqtisadi müstəqillik mütləq güclənməlidir və keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir". Dünyanın hətta yüksək inkişaf etmiş ölkələrində müxtəlif böhranların hökm sürdüyü bir mərhələdə Azərbaycanın bu nailiyyəti tarixi mahiyyətlidir. Həm də o səbəbdən ki, Azərbaycan dövlət olaraq qısa müddətdə həm iqtisadi, enerji, hərbi, müdafiə, sosial, nəqliyyat-logistik və başqa uğurlar əldə etdi, həm də ümumdaxili məhsulu rekord həddə çatdırdı! Bunun fonunda Azərbaycanda həm əmək haqları artmaqdadır, həm də sosial təminat güclənməkdədir.
Azərbaycan iqtidarının bu uğurları, sözün həqiqi mənasında, tarixi nəticədir! Başqa fakta da nəzər sala bilərik. Prezident müsahibəsində vurğulayıb ki, "...xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Yəni, iqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu nə deməkdir və eyni zamanda, bizim xarici borcumuz azalıb. Həm mütləq rəqəmlərlə - 7 milyard dollardan aşağıdır, həm də ümumi daxili məhsula nisbətdə təbii ki, kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir".
Regionda bizə qonşu olan böyük və ya kiçik dövlətlərlə səthi müqayisə belə Azərbaycan rəhbərliyinin fəaliyyətinin uğurlu olmasının böyük miqyasını təsəvvür etməyə imkan verir. Əslində, Azərbaycan xalqı bunları gözləyirdi, çünki Ulu Öndər dövlət quruculuğunun əsasını elə müəyyən edib ki, nailiyyətlər təbiidir. Burada ölkə başçısı və liderinin zəhməti, gərgin fəaliyyəti həlledici rol oynayıb. Ulu Öndərin öyrətdiyi kimi, "Tarix həmişə hər şeyi öz yerinə qoyur"! Azərbaycanın regionda və dünyada yerini tarix artıq düzgün müəyyənləşdirib! Müsahibənin hər anı bunu sübut edir!
Əlbəttə, bir yazıda Prezidentin ölkənin gələcək hədəflərini müəyyənləşdirən strateji məzmunlu geniş müsahibəsini tam əhatə etmək mümkün deyildir. Biz yuxarıda vurğulanan məqamlara müsahibədən iki məqamı da əlavə etmək istərdik. Birincisi, İlham Əliyev vurğulayır ki, Ermənistan və havadarları "...düşünürəm ki, ...mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar". Bunun nəticəsi olaraq isə "Ermənistan nəhayət anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır". Son günlər yayılan informasiyalar göstərir k, Ermənistan İlham Əliyevin mesajını anlayır: rəsmi İrəvan sülh müqaviləsi imzalamaq arzusunu dilə gətirib!
İkincisi, Azərbaycan Prezidenti ifadə edir ki, "Zəngəzur dəhlizi Azərbaycan üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji layihədir". Bu fikrin də böyük əhəmiyyəti vardır. İlham Əliyev, faktiki olaraq, 2023-cü ildə Zəngəzur dəhlizi məsələsini aktiv şəkildə gündəmdə saxlayacağını və məqsədlərə çatılacağını söyləyib. Bu layihənin reallaşması təkcə Azərbaycan üçün faydalı deyildir, ondan çox sayda ölkələrin xalqları bəhrələnəcəkdir. O cümlədən onun həyata keçməsi başıbəlalı regionumuzu bir çox fəsadlardan xilas edəcəkdir. Bu strateji davranışı da Ulu Öndər tövsiyə edib. Heydər Əliyev deyərdi ki, "Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır".
Azərbaycan Prezidenti Ulu Öndərin siyasi-diplomatik, dövlətçi fikirlərinə tam əməl edir, buna görə də uğurlar daim müstəqil Azərbaycanla olacaqdır!
Kamal Adıgözəlov