20 yanvar 1990-cı il - müasir qəhrəmanlıq tariximizin başlanğıcı
20 Yanvar 2023 12:34 SiyasətMüstəqillik və milli azadlığımız uğrunda çıxdığımız yol asan olmadı.
Ağır, çətin lakin şərəflə başlayan yoldan - 1990-cı ilin 20 yanvarından bizi 32 il ayırır. Tariximizə həm faciəsi, həm də rəşadəti ilə yazılan 20 yanvara bu günün prizmasından yanaşanda o gecənin nə qədər mühüm bir hadisə olduğu bir daha aydın görünür. Xalqımızın imperiya girovundan qırılmaq israrı ilə yola çıxdığı azadlıq mücadiləsində yazdığı qəhrəmanlıq salnaməsinin əhəmiyyəti zaman keçdikcə daha da dərinləşir, siyasi-ictimai yükü, çəkisi daha da artır. Nə qədər hüznlü bir gün olsa da müstəqilliyimiz, azadlığımız, hüriyyətimiz 20 yanvar hüznünün fövqündədir. İllər bir birini əvəz etdikcə bu əzəmətə, bu hürriyyətə sahib çıxan Azərbaycan şəhidlərin ruhunu sarsılmaz qüdrəti, möhkəmlənən mövqeyi, gücü-qalibiyyəti ilə daha da şad edir. Canları, qanları bahasına rus imperiyasına meydan oxuyan qəhrəman şəhidlərin ruhu bu gün azad Qarabağın üzərində dolaşaraq hüzur tapır. 20 yanvar 1990-cı ildə başlayan müasir tarixin qəhrəmanlıq salnaməsi 30 ilə yaxın davam edən diplomatik və hərbi savaş, bütün cəbhələrdə aparılan mübarizələrin nəticəsində 8 noyabr Zəfəri yaddaşlara yazıldı. Tarixi qürurumuzu, hüriyyətimizi, bütövlüyümüzü bizə qaytaran Şəhidlərimizi, günahsız 20 yanvar qurbanlarının əziz xatirələrini dərin ehtiramla yad edirik. Ruhları şad olsun!
Mətanət Ağamirli, Əməkdar jurnalist