İran dövlətini zəbt etmiş molla rejimi İslam düşməni olan cani qrupdur

Azər Qasımov: "Bu qrupun İslamla heç bir əlaqəsi yoxdur"

Artıq bir xeyli müddətdir ki, cənub qonşumuzda daxili siyasi sabitsizlik, eləcə də bundan irəli gələn iqtisadi-sosial durumun ağırlığı hökm sürür. Məlum hicab qalmaqalı məsələsindən kiçik bir əyalətdən başlayan etirazlar bu gün İranın hər bir şəhəri, vilayəti, kəndi və qəsəbəsini əhatə edir deyə bilərik. Hər nə qədər rejim bütümn mümkün vasitələr, qeyri-insani davranışlardan istifadə edərək etirazları yatırmağa çalışsa da, hələlik Tehran daxildə sabitliyi bərqərar etməyə müvəffəq olmur.

Daxildə başlanan etiraz dalğası, xalqın kütləvi şəkildə molla rejimindən imtina etməsi İranda hakimiyyət, rejim dəyişikliyi üçün əlverişli şərait yaradıb. Ancaq görünən odur ki, hələlik uzun illərdir molla rejimi ilə mübarizə apardığı görüntüsü yaradan, ona qarşı sanksiyalar tətbiq edən Birləşmiş Ştatlar və Avropa elə həmin rejimin xalqın tələbi ilə devrilməsində maraqlı görünmür. Əks təqdirdə şeytan adlandırdıqları, elə həqiqətən də şeytan olan və regionun qara yarasına çevrilən rejimi devirmək və orada hüquqi demokratik, dünyəvi bir dövlət qurmaq üçün yaranmış əlverişli şəraitdən istifadə edərdilər.

Bəs görəsən İranı Şərqin şər yuvası adlandıran Qərb, Birləşmiş Ştatlar nə üçün yaranmış əlverişli vəziyyətdən istifadə edərək bu ölkədə rejim dəyişikliyinə dəstək vermir? Ümumiyyətlə, İranda cərəyan edən proseslərin məntiqi sonluğu necə olacaq?

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının müşaviri, politoloq Azər Qasımov deyir ki,   İran dövlətini zəbt etmiş molla rejimi mahiyyət etibarı ilə milliyətindən asılı olmayaraq mövcud olan İslam düşməni cani bir qrupdur. Onun sözlərinə görə, bu qrupun İslamla heç bir əlaqəsi olmadığı kimi İran coğrafiyasını təşkil edən xalqlarla da heç bir əlaqəsi yoxdur: "Bunlar görünüşdə fars, türk, ərəb ola bilərlər, amma, əslində dünya imperializminə xidmət edən ad dəyişmiş canilərdir. Məsələnin mahiyyəti də burda gizlənir. İran ətrafında davam edən hadisələrin xalqlarla heç bir əlaqəsi yoxdur. Xalqın küçələrə çıxması sadəcə bir etirazdır, müəyyən yerlərdə də ehtiyacdan yaranan qarşıdurmadır. Qadın azadlığı, sərbəst yaşamaq tələblərinin nümayişidir. Amma bu şəraiti yaradan və bundan istifadə edən maraqlı qüvvələrin nümayişlərdən öz məqsədləri üçün istifadə etməsi isə ayrı oyunun tərkib hissəsidir. Bu, İrandaxili hakimiyyət davasıdır. Hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin ağalarına verdikləri mesajdır. Bu güclər İranda hakimiyyət dəyişikliyinə çalışırlar, xalqların azadlığı üçün yox.  Bunu İran rejiminə qarşı mübarizə aparan tanınmış iranlılardan eşidirik ki, Amerikaya dəvət olunarkən onlardan ancaq istifadə məqsədi güdüldüyü məlum olur. Qərb çalışır ki, İran rejimini yeni bir rejimlə, daha doğrusu, şahlıq rejiminin varisçisi ilə əvəz etsin. Onlar İran coğrafiyasındakı xalqların öz dövlətlərini yaratmasını istəmirlər. Onlar qeyd edirlər ki, hamını ayağa qaldıra bilirik, tək Azərbaycan türklərini ayağa qaldıra bilmirik. Azərbaycan türkləri isə artıq təcrübəlidirlər. Tarixdən öz dərslərini alıblar və kimsənin oyununda alət olmaq istəmirlər. Ona görə də hal-hazırda İrandakı proseslər səngiməyə doğru gedir. Təbriz ayağa qalxmadığı üçün rejimi yıxmaq və yenisi ilə əvəzləmək mümkün olmur".

Azər Qasımov qeyd edib ki, Cənubi azərbaycanlıların prosesə ciddi qoşulmaması isə taktiki addımdır: "Məsələ onda deyil ki, onlar bu rejimdən narazı deyillər. Əksinə, hamıdan çox azərbaycanlılar bu rejimdən əziyyət çəkiblər və indi də çəkirlər. Məsələ ondadır ki, onların da iştirakı ilə hakimiyyətə gətiriləcək yeni rejim yenə də onların hakimiyyəti olmayacaq, amma bu, Azərbaycan türklərinə müstəqillik yolunda vaxt itkisinə səbəb olacaq, hansıki bu rejim özünü artıq ifşa edib və məqamı gələndə onu yıxmaq elə də çətin olmayacaq, amma yeni rejim bir sıra görüntü xatirinə edəcəyi dəyişikliklərlə dünya ictimaiyyətinin gözündə özünü normal hakimiyyət kimi göstərə bilər ki, bu da gələcəkdə azadlıq mübarizəsində bu rejimə qarşı çıxmaqla özü haqda mənfi imic formalaşdıra bilər. Odur ki, Cənubi Azərbaycan hələlik Azərbaycan dövlətinin və türk dünyasının daha da güclənməsini gözləyir. Məqamı çatanda hər şey bir anda olacaq və əvvəlki kimi qanlı-qadalı deyil, ən azı az itki ilə proses öz məntiqi sonluğuna çatacaq. İkiyə bölünmüş Azərbaycan xalqının birləşməsi nəinki vacibdir, hətta tarixi gerçəklikdir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31