Orta Dəhlizin parlaq gələcəyi var
20 Yanvar 2023 12:10 Siyasətİlham Əliyev: "Azərbaycanda investisiya mühiti çox müsbətdir"
Həftənin əvvəlindən Azərbaycan demək olar ki, dünyanın əsas diqqət mərkəzində olan ölkələr sırasında ön sıralarda yer alıb. Azərbaycan prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri, səfər çərçivəsində Əbu-Dabidə keçirilən Dayanıqlılıq Həftəliyində iştirakının ardınca dövlət başçısının Davos Forumuna yollanması və digər bu kimi amillər ölkəmizin dünyanın diqqət mərkəzində olmasını şərtləndirən başlıca məqamlar idi. Təsadüfi deyil ki, BƏƏ-də olduğu kimi Davosda da dünyanın aparıcı şirkətləri Azərbaycan rəhbəri ilə görüşməyə can atırdılar. Ötən iki gün ərzində dünyanın onlarla aparıcı şirkət və müəssisəsinin İlham Əliyevlə görüşü deyilənləri təsdiqləyir.
Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan və onun lideri dünyanın aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində idi. Səfərin ilk günündə Azərbaycan prezidentinin Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi buna əyani sübutdur. Qeyd edək ki, sözügedən televiziya kanalı təkcə Çində deyil, eyni zamanda bütün dünyada tanınan və məşhur olan KİV-lərdən sayılır.
Azərbaycan prezidentinin sözügedən müsahibəsi bir çox məqamları ilə diqqət çəkmiş oldu. Əvvəla onu qeyd etmək yerinə düşər ki, dövlət başçısı yaranmış fürsətdən istifadə edərək bir daha Azərbaycanın mövcud investisiya mühiti, yerli və əcnəbi iş adamlarının ölkəmizə manesiz biznes fəaliyyəti göstərmələri üçün hər bir şəraitin olduğunu Çin televiziya kanalı vasitəsilə bütün dünyaya çatdırmış oldu. Həmçinin, İlham Əliyev mövcud vəziyyətdən istifadə etmək üçün Çin şirkətlərini də Azərbaycana dəvət etdi: "Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi bizim şaxələnmə barədə düşünmək, düşünmək yox, hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpa olunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq".
Nəzərə almaq lazımdır ki, hər hansı bir ölkənin investorları, iş adamlarının Azərbaycana cəlb edilməsi üçün vacib şərtlərdən biri də həmin ölkə ilə əlaqələrin inkişafı, normal əməkdaşlıq mühiti, siyasi hakimiyyətlər arasında qarşılıqlı anlaşmanın olmasıdır. Bakı ilə Pekin arasında qeyd edilən istiqamətlər üzrə heç bir problemin olmadığını, əlaqələrin yüksələn xətlə inkişaf etdiyini nəzərə alsaq, o halda Çin şirkətlərinin Azərbaycana gəlməsi, bura investisiya yatırması üçün ortada heç bir əngəlin qalmadığını açıq şəkildə söyləyə bilərik. Çünki bu gün Azərbaycan və Çin rəhbərliyi arasında mövcud olan qarşılıqlı anlaşma mühiti, normal münasibətlər buna imkan verir. Təsadüfi deyil ki, elə İlham ƏIiyev də Çin televiziyasına müsahibəsində Pekinlə Bakı arasında əlaqələrin yüksək səviyyədə olduğunu dilə gətirib: "Əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Onlardan bəziləri müxtəlif sahələrdə artıq kifayət qədər fəaldır. Biz Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz var".
Məhz yüksək səviyyədə qurulan əməkddaşlıq, gün-gündən inkişaf edən əlaqələrdir ki, bu gün Bakı ilə Pekin bir sıra regional və qlobal əhəmiyyətli layihələrdə bir yerdə iştirak edirlər. Bu sıraya "Bir kəmər, bir yol" təşəbbüsü də aid etmək olar. Sözügedən müsahibədə adıçəkilən təşəbbbüs barədə danışan Azərbaycan prezidenti bildirib ki, "Bir kəmər, bir yol" təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi: "Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfi əsasən dəmir yolu infrastrukturuna investisiya yatırıb və bunu təkcə Azərbaycanda yox, regionda da etdik: "İndi isə biz bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri - avtomagistrallar, hava limanları kimi layihələri də həyata keçirmişik. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Həmçinin "Bir kəmər, bir yol" təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. İndi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Əlbəttə ki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır. Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi".
Bütün bu qlobal əhəmiyyətli layihələr Azərbaycanı bir logistika, nəqliyyat dəhlizinə çevirib ki, nəticə etibarilə ölkəmiz ərazisindən istifadə etməklə beynəlxalq yükdaşımaların həcmi xeyli dərəcədə artıb. Bu isə öz növbəsində Azərbaycanın yükdaşımalardan əldə etdiyi gəlirlərin artmasına gətirib çıxarıb. Elə president İlham Əliyev də bunu Çin televiziyasına verdiyi müsahibədə açıq şəkildə ifadə edib: "Deyə bilərəm ki, ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Həmçinin tarif siyasəti də mühüm məsələdir. Çünki burada bir çox ölkələrin səylərinin birləşdirilməsi lazımdır ki, bizim razılaşdırılmış tarif siyasətimiz mövcud olsun və heç bir ölkə süni şəkildə öz mənfəətini artırmağa çalışmasın. Biz müştərək faydanı görməyi öyrənməliyik. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Çinin artıq yeni bir dəmir yolu layihəsinin təşəbbüsü ilə çıxış etdiyini və onu artıq başladığını bilirəm - Çin-Qırğızıstan-Özbəkistan. Bu layihə də bizə, Xəzər dənizinə istiqamətlənib. Bu, çox vacib əlavə təchizat marşrutudur. Orta Dəhlizin parlaq gələcəyi var".
Çinlə əlaqələr hazırkı dönəmdə kifayət qədər çoxşaxəli və əhatəli olsa da, lakin mövcud imkanlar bu əməkdaşlığın digər istiqamətlər üzrə həyata keçirilməsini də mümkün edir. Bu istiqamətlərdən birini Azərbaycan prezidenti sözügedən müsahibədə açıq şəkildə ifadə edib və qarşı tərəfə bir növ yeni əməkdaşlıq imkanlarının mesajını vermis olub. Bu da yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarıdır. Prezident İlham Əliyev bildirib ki, biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur: "Beləliklə, biz bu səyləri birləşdirməliyik. Bizim prioritetlərə gəldikdə, bərpaolunan enerji mənbələri bizim üçün indi əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Çünki Avropada baş verən yaşıl enerjiyə keçiddən xəbərimiz var. Eyni zamanda, Azərbaycan neft və təbii qazın təchizatçısıdır. İndi biz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq. Dediyim kimi, biz ilkin sənədləri imzalamışıq. Əlbəttə ki, müqavilələr gələcəkdə imzalanacaq. Lakin bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var. Biz ixrac etmək imkanına malik olmaq üçün həm də ötürücü xətlərə də sərmayə yatırmalıyıq, çünki bizim özümüzə bu qədər enerji lazım deyil".
Azərbaycan prezidenti müsahibəsində rəsmi Bakının hər zaman qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verdiyini vurğulayıb. Eyni zamanda dövlət başçısı onu da qeyd edib ki, bir çox hallarda bəzi dövlətlər regionda və ya dünyada liderlik uğrunda çalışır, mübarizə aparırlar: "Düşünürəm ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın, öz potensialının düzgün hesablanmaması, qarşınızdakının, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi. Bu, etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır. Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub".
Süleyman İsmayılbəyli