Prezident Davos Forumunda iştirak etməklə Azərbaycanın investisiya imkanları barəsində dünyanın aparıcı şirkətlərini məlumatlandırır - ÖZƏL
18 Yanvar 2023 11:16 Siyasət"Ötən əsrin 70 -ci illərindən fəaliyyət göstərən Davos İqtisadi forumu, beynəlxalq müstəvidə iqtisadi beyin mərkəzi kimi qəbul olunur. Ölkə başçısı cənab İlham Əliyev qlobal iqtisadi məsələlərin müzakirə platforması olan ənənəvi forumda mütəmadi olaraq iştirak etməklə, ölkə həqiqətləri və Azərbaycanın investisiya imkanları barəsində dünyanın aparıcı şirkətləri və iqtisadi beyin mərkəzlərinin nümayəndələrini məlumatlandırır".
Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Azərbaycan Hökuməti qeyri-neft sektorunun inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirir:
"Həmçinin ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi məqsədilə hökumət tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir".
Pərviz Mirizadə deyib ki, Azərbaycanın bərpa olunan enerji imkanları kifayət qədər genişdir:
"Xüsusilə işğaldan azad olunmuş torpaqların iqtisadi potensialı kifayət qədər yüksəkdir və ölkəmiz həmin ərazilərə xarici investorların cəlb edilməsində maraqlıdır. Hesab edirəm ki, Cənab Prezidentin məlum səfərindən sonra müxtəlif ölkədən Azərbaycana və ən əsası işğaldan azad olunmuş ərazilərə investisiyalar yatıralacaq".