Azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi siyasəti Prezident İlham Əliyevin adı ilə bağlıdır - ÖZƏL
30 Dekabr 2022 12:13 Siyasət"Dünyanın dörd bir tərəfində yaşayan həmvətənlərimizlə əlaqələrin genişləndirilməsini dövlət siyasətinin önəmli istiqamətini təşkil edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf ortamında diaspor quruculuğu sahəsində çağdaş dönəmin çağırışları ilə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçımız xaricdə yaşayan hər bir həmvətənimizin, soydaşımızın maraq- mənafeyinin qorunmasını müstəqil Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın sözlərinə görə, Prezidentin bu yöndə ortaya qoyduğu siyasi iradə, nümayiş etdirdiyi qətiyyət respublikamızın hüdudlarından qıraqda yaşayan həmvətənlərimizdə, soydaşlarımızda milli ruhun yüksəlməsi, onların bir ideya ətrafında səfərbər olması baxımından böyük xidmətdir: "Taleyin hökmü ilə öz doğma vətənindən qıraqda, ayrı-ayrı xarici ölkələrdə məskunlaşmış azərbaycanlıların (necə deyərlər) diaspordan lobbiyə çevrilməsi siyasəti Prezident İlham Əliyevin adı ilə sıx bağlıdır. Prezidentin "Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında" 08 fevral 2006-cı il tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən qurultay xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi yönündə yeni addım oldu. Bununla da, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işində önəmli mərhələ başladı".