Azərbaycan Respublikası dünya azərbaycanlılarının inam ocağı, qürur ünvanıdır - ÖZƏL

"Ümummilli liderin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev öz müdrik rəhbərliyi, təmkini, uzaqgörənliyi ilə milli həmrəyliyimizi bir daha zirvəyə qaldırdı və yeni zirvələrə sarsılmaz inam yaratdı. "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm" deyən İlham Əliyev dünya azərbaycanlılarının gözbəbəyi olan Azərbaycan Respublikasının rəhbəri olmaqla yanaşı bütün dünya azərbaycanlılarının lideridir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın sözlərinə görə, müstəqil Azərbaycan Respublikası Dünya azərbaycanlılarının cazibə mərkəzi, ümid yeri, ürək daşı, inam ocağı, qürur ünvanıdır. 44 günlük müharibədə qazandığımız tarixi Zəfər azərbaycanlıların həmrəyliyini təcəssüm etdirməklə yanaşı, özü bir dəyərə, istinadgaha, mənəvi qalaya çevrilib: "Dünyanın dörd tərəfində milyonlarla həmvətənimiz, soydaşımız yaşayır, işləyir, oxuyur; onların milli-mənəvi varlığını yaşadan güclü Azərbaycan dövləti var. Dünya azərbaycanlılarının birliyi ideyasının əsasını, həmrəyliyin mahiyyətini də məhz müstəqil Azərbaycan dövlətçiliyinə, doğma dilimizə, milli-mənəvi varlığımıza, adət-ənənələrimizə, eyni zamanda bəşəri dəyərlərə sayğı, vurğulanan kateqoriyalardan olan bütün dəyərlərin qorunmasına, zənginləşdirilməsinə yüksək qayğı təşkil edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31