Azərbaycan hədəfə yaxınlaşır! - ÖZƏL

"Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı çox mühüm mesajlar verdi və strateji hədəflərə diqqəti cəlb etdi. Bir daha məlum oldu ki, Azərbaycan Prezidentinin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri xalqımızın öz tarixi irsinə sahib çıxması, milli keçmişimizə aid reallıqların öyrənilməsi və geniş təbliğ olunmasıdır. Bu, şübhəsiz ki, milli yaddaşın bərpası baxımından mühüm əhəmiyyətə malikdir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Nurlan Qələndarlının sözlərinə görə,  dövlət başçısı xalqımızın milli hafizəsinin yenilənməsini təkcə tarixi məsələ kimi deyil, həm də siyasi, mənəvi, mədəni və ideoloji hadisə kimi nəzərdən keçirir. Çünki  Azərbaycanın gələcək hədəflərinə nail olmaq - perspektiv inkişaf yolu həm də milli keçmişimizə sahib çıxmaqdan, tarixi yaddaşımızın siyasi-ideoloji, mədəni-mənəvi qatlarını yeniləməkdən keçir: " Ona görə də Azərbaycan Prezidenti vaxtaşırı milli-ictimai yaddaşa mühüm tarixi məsələləri təqdim edir, bununla bağlı müvafiq addımlar atılır. Məsələn, dövlət başçısı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan bir gün sonra İrəvan şəhərinin Ermənistan dövləti üçün paytaxt şəhəri olmasına razılıq verməsini, eləcə də indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılmasını xüsusi olaraq vurğulayır. Bu tarixi fakt və siyasi reallıqdır. Tarix isə dərs çıxarmaq üçün əvəzsiz vasitədir. Çünki tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. 

Prezident İlham Əliyev qətiyyətlə vurğulayır ki, "İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq". Şübhəsiz ki, bu istiqamətdə atılan addımlar tarixi torpaqlarımıza qayıdış hədəfinin reallaşması üçün çox mühüm amillərdən biridir. İrəvan, Göyçə, Zəngəzur kimi əzəli və tarixi torpaqlara qayıdış isə tank, top, tüfəng vasitəsilə həmin ərazilərə qədəm qoymaq deyil. Bu, milli kimliyimizi qoruyaraq, tarixi irsimizə sahib çıxaraq və milli yaddaşımızı yeniləyərək baş tutacaq hadisədir. Azərbaycan hədəfə yaxınlaşır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31