Azərbaycana qarşı hər zaman qərəzli yanaşma olub - ÖZƏL
22 Dekabr 2022 13:16 Siyasət"Azərbaycana qarşı bütün dövrlərdə beynəlxalq səviyyədə ikili yanaşma, qərəzli mövqe olub. Necə ki, 30 ilə yaxın işğal dövründə dünya kar və kor olaraq ərazilərimizin işğala məruz qalmasını, bir milyona yaxın soydaşımızıın qaçqın və məcburi köçkünə çevrilməsini, tarixi-mədəni abidələrimiz, təbiətimizin məhv edilməsini görməməzlikdən gəldi, eləcə də indi hazırda eyni yanaşmanı ortaya qoyur".
Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı İqbal Məmmədov bəzi dövlətlər və beynəlxalq təşkilatların Xankəndi-Laçın yolunun açılması tələbi ilə Azərbaycana ünvanladıqları çağırışlara münasibət bildirərkən səsləndirib. Millət vəkili bildirib ki, sözügedən yolu ekoloji terrora qarşı dinc etiraz aksiyası keçirən azərbaycanlı vətəndaş cəmiyyəti nümayəndələri və ekofəallar deyil, məhz Rusiya sülhməramlıları bağlayıb: "Digər tərəfdən təəssüflər olsun ki, bizə qarşı qərəzli mövqe tutanlar qlobal istiləşmə, ətraf mühitin qorunması kimi vacib bir elementlər istiqamətində fəaliyyət göstərildiyi halda, ermənilər tərəfindən Azərbaycan ərazilərində ekoloji terrorun həyata keçirilməsini görməməzlikdən gəlirlər. Məsələnin mahiyyəti barədə bilmədən, nədən, nəyin baş verdiyinin fərqinə varmadan erməni informasiya maşını və ermənipərəsət qüvvələrin yalanına ortaq olub Azərbaycanı erməniləri blokadaya almaqda ittiham edirlər. Düşünürəm ki, Azərbaycanı ittiham etmədən öncə məsələnin mahiyyəti barədə məlumatlı olsalar daha yaxşı olar. Bu bir daha dünyanın, beynəlxalq təşkilatların nə dərəcədə ədalətsiz, eyni zamanda qərəzli olduğunu göstərir".