Talıbovun istefası sürpriz olmadı - ÖZƏL
22 Dekabr 2022 15:29 Siyasət"Naxçıvan Muxtar Respublikasında son zamanlar baş verənlər bu istefanın carçısı idi. Azərbaycanın kiçik bir bölgəsində qısa müddətdə yüz milyonlarla yeyinti faktı aşkarlandı, gömrükdəki özbaşınalıq biabırçı həddə çatmışdı. Belə bir halda muxtar respublikanın sədrinin istefası hələ gecikmiş addım idi. Sədr bacarıqsızlığını dərk edib çoxdan getməli idi..."
Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
"İndi Naxçıvandakı özbaşınalıqların fəsadlarını aradan qaldırmaq üzərində işləmək lazımdır. Bəlli məsələdir ki, unitar dövlət olan Azərbaycanda muxtar respublika tipli idarəçilik şəffaflığı pozur. Əvvəlcə bu istiqamətdə addımlar atmaq lazımdır. Özümüzə sual etməliyik ki, bizə Naxçıvanın muxtariyyətinin qalması nəsə müsbət bir şey vəd edirmi? Məncə etmir. Əksinə, muxtar respublikada özbaşınalığa yol açır. Ona görə də, ilk öncə Naxçıvanda referendum təşkil edilməlidir. Əminəm ki, naxçıvanlılar muxtariyyətin əleyhinə səs verəcəklər. Çünki onlar da fərqindədirlər ki, buradakı bütün neqativ halların səbəbi kimlərinsə özünü ağa kimi, xan kimi aparmasıdır.
Yanlız bu kimi addımlardan sonra Naxçıvanda effektiv islahatlar mümkün ola bilər. Bakıdan birbaşa idarəetmə burada neqativ halları azaltmağa kömək edəcəkdir".