"Rusiya tərəfi bu məsələdə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edir" - ÖZƏL
20 Dekabr 2022 12:47 Siyasət"Xankəndi-Laçın yolunda keçirilən aksiyanın əsas məqsədi Rusiya sülhməramlılarının nəzarəti altında olan faydalı yataqlarda monitorinqin keçirilməsi tələbidir. Azərbaycan ictimaiyyəti konstitusiyanın bərpa olunmasını istəyir. Hesab edirəm ki, Azərbaycan tərəfinin öz ərazisinə nəzarət etməsi, məcburi köçkünlərin qayıtması üçün çox əhəmiyyətli prosesdir. 2020-ci il 10 noyabr bəyənnaməsinə əsasən, məcburi köçkünlər öz evlərinə qayıtmalıdır".
Bu sözləri Olaylar-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib:
"Sülhməramlıların nəzarəti altında olan ərazilərə də geri dönüş təmin edilməlidir. Bu baxımdan ərazidə monitorinq keçirilməsinə Rusiya tərəfində maneə törədilməsi bəyənnamənin müddəalarının pozulması deməkdir. Azərbaycanın öz ərazisinə nəzarət etmək hüququ var. Bu baxımdan bu həm AR qanunlarının həm də, Beynəlxalq hüququn pozulmasıdır. Rusiya tərəfi bu məsələdə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edir".