Təbii sərvətlərimizin talanmasına etiraz etmək, bu terrora son demək bizim haqqımızdır

Artıq bir həftədən çoxdur ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və ekofəalların iştirakı ilə Şuşa-Laçın yolunda dinc etiraz aksiyası keçirilir. Hər gün aksiyaya qoşulanların sayının artması onun mütəşəkilliyinə səbəb olub. Mövcud vəziyyətlə əlaqədar isə Xankəndi-Laçın yoluna nəzarət edən Rusiya sülhməramlıları yolun bağlanmasına qərar veriblər. Baxmayaraq ki, erməni tərəfi yolun bağlanmasında Azərbaycanı günahkar bilir, lakin reallıq ondan ibarətdir ki, məhz sülhməramlıların əraziyə əlavə hərbi texnika cəlb etməsi və beton sədlər qoyması yolun baölanmasına gətirib çıxarıb. Nəticədə bir həftədir Qarabağ ermənilərinin İrəvanla əlaqələri kəsilib.

Yaranmış vəziyyətə səbəb olan başlıca amil barədə fikirlərini bölüşən  Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və ekoloqlar etiraz aksiyası həyata keçirirlər. Aksiyada iştirak edən hər kəs ərazilərimizdə olan Azərbaycanın təbii sərvətlərinin qanunsuz talanmasına, qanunsuz istismarına etiraz edir.
Onun sözlərinə görə, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında ermənilər tərəfindən qanunsuz istismar həyata keçirilir, oradan əldə olunan gəlirlər isə ayrı-ayrı şəxslərin hesabına köçürülür, o cümlədən ətraf mühitə çox ciddi ziyan dəyib:

"Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. Vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır".

Rəşadət Xalıqov qeyd edib ki, Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Bu kimi bəyanatlarla rəsmi İrəvan beynəlxalq ictimaiyyətin diqqətini öz cinayətlərindən yayındırmağa çalışır:

"Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışırlar. Laçın yolu isə azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Bu cür bəyanatlar Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə tamamilə ziddir".
Hakim partiya rəsmisinin  sözlərinə görə, təbii sərvətlərimizin talanmasına etiraz etmək, bu terrora son demək bizim haqqımızdır: "Ona görə də ermənilərin uzun illərdir həyata keçirdikləri ekoloji terrorizm qarşısında beynəlxalq təşkilatlar məsələyə adekvat reaksiya göstərməli, bu cür cinayət halları qarşısında susmamalıdılar".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31