Azərbaycanın bundan sonra Kəlbəcəri dirçəltmək istiqamətində ciddi addımları olacaq - ÖZƏL
17 Noyabr 2022 14:35 Siyasət"Kəlbəcər 2020-ci ilin 25 noyabrında belə demək mümkünsə, bir güllə atılmadan geri alındı. Əslində bu, tarixi-siyasi qələbədir. Çünki həmin ərazinin uğrunda qan tökülmədən geri alınması xüsusilə önəmlidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Nəzərə almalıyıq ki, Kəlbəcər strateji əhəmiyyətinə və mövqeyinə görə Azərbaycan üçün olduqca əhəmiyyətli yer hesab edilir. Kəlbəcərin ərazisi də kifayət qədər böyük bir ərazidir. Yəni, Azərbaycanın ən böyük rayonlarından biridir. Kəlbəcər həm də dağlıq, meşəlik, flora və faunası ilə məşhurdur. Bu bölgədə SSRİ dönəmində və ondan sonrakı dövrlərdə Azərbaycanın ən çox kənd təsərrüfatı, heyvandarlıqla məşğul olan hissəsi fəaliyyət göstərirdi. Bu xüsusilə önəmlidir. Eyni zamanda, Kəlbəcər həm də Ermənistanla həmsərhəddir və o, demək olar ki, coğrafi relyef şəraitinə görə də Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bütün bunların hər biri ona imkan verir ki, Azərbaycan işğaldan azad ediləndən sonra həmin ərazilərdə minaların təmizlənməsini həyata keçirib qutarandan sonra artıq yenidən kənd təsərrüfatının dirçəldilməsi məsələsini həyata keçirə bilər. Bu xüsusi önəmlidir və hesab edirəm ki, keçirəcək də.
Bir məsələni də qeyd etmək istəyirəm ki, ermənilər bu ərazilərdən çıxmazdan öncə, yəni, təxliyələrinə yaxın Kəlbəcərdə demək olar ki, bir dənə də olsun salamat ağac qoymaq istəmədilər və ağacların böyük bir hissəsini, evləri, tikililəri yandırıb, talan edib, sırada çıxardılar. Meşələrə, ekologiyaya böyük ziyan dəydi.
Hesab edirəm ki, Azərbaycanın bundan sonra Kəlbəcəri dirçəltmək istiqamətində ciddi addımları olacaq. Nəzərə almalıyıq ki, həm də Kəlbəcərdə qızıl yataqları var və bu gün orda Qardaş Türkiyənin şirkətləri fəaliyyət göstərir. Bu qızıl yataqları yaxın gələcəkdə Azərbaycanın maliyyə imkanlarının artırılmasına, valyuta ehtiyatlarının çoxalmasına xeyli dərəcədə qatqı verə bilər. Bu baxımdan bütün bu olanları nəzərə alaraq bildirmək istəyirəm ki, Kəlbəcər Azərbaycan üçün hərbi, siyasi, strateji əhəmiyyətə malik bir rayondur və onun döyüşsüz geri alınması Azərbaycanın tarixi-siyasi qələbəsidir".