Ermənistan siyasi rəhbərliyi nə zaman reallıqları görə biləcək? ÖZƏL
17 Noyabr 2022 13:13 SiyasətErmənistan məsuliyyətdən qaça bilməz.
"Son günlər Ermənistan siyasi dairələrinin ikibaşlı mövqe bildirmələri deməyə əsas verir ki, bu ölkənin rəhbərliyi məsuliyyətdən qaçmağa və problemi öz maraqları çərçivəsində həll etməyə alternativlər axtarır. Fransanın, İranın son günlər Azərbaycan əleyhinə sərt ritorikalardan çıxışı da bunun bariz nümunəsidir.
Ancaq əminliklə deyə bilərik ki, adı çəkilən hər üç ölkə istəklərinə nail olacaq situasiyada deyillər. Ermənistan ordusu məğlub edilib, deyərdim ki məhv edilib. Fransa böyük ölkə olsa da, son zamanlar onun dünya siyasətinə təsiri azalıb və bununla bərabər onun Qafqaza təsir imkanları çox zəifdir. İran isə, hazırda Azərbaycanla hərbi müstəvidə qarşılaşmaq istəməz. Bunu Azərbaycandan qorxduğu üçün deyil, beynəlxalq və geosiyasi amilləri nəzərə alaraq edə bilməz. Çünki Azərbaycana hərbi müdaxilə İranın özünün hərbi poliqona çevrilməsidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
"Ermənistan isə, düşdüyü hazırki çətin vəziyyətdə işini daha da qəlizləşdirir. İndi Ermənistan tərəfi anlamalıdır ki, 30 il əvvəl Azərbaycan torpaqlarını işğal edəcək qədər güclü olduğu zaman belə istədiklərini əldə edə bilməyib. İndiki zəif və darmadağın vəziyyətdə buna nail olması mümkün deyil.
Beləcə öz şovinizmini kənara ata bilməyən Ermənistan əslində özünü məhvə aparır. Türk dünyası ilə, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdıra bilməyən Ermənistan blokadada qalır, onun inkişafı ləngiyir və işğalçı dövlət statusunun davam etməsi isə, onun beynəlxalq nüfuzunu məhv edir. Havadar ölkələr, məsələn İran, Fransa və Rusiya isə, indi özlərinə faydalı ola bilməyəcək qədər çətin dönəmlərdən keçirlər.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Ermənistan siyasi rəhbərliyi yaxın zamanda reallıqları görəcək və artıq inkişaf və tərəqqi yolunu seçəcək".