Azərbaycan diplomatiyası və xarici siyasəti İlham Əliyevin rəhbərliyi altında yeni qələbələr əldə edəcək- ÖZƏL
10 Noyabr 2022 16:16 Siyasət"2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli birgə bəyanat İkinci Qarabağ müharibəsinə son qoydu. Bu bəyanatın imzalanması Ermənistan üçün faciəvi nəticələri nəzərdən keçirir və kapitulyasiya aktı hesab olunur".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib:
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında video görüntülərdə bu bəyanatın imzalanması baş verib. Nikol Paşinyan kameralar önünə çıxmayaraq bu üçtərəfli birgə bəyanata daha sonra kameralardan gizli bir şəkildə imza atdı.
Digər tərəfdən Ermənistan tərəfi üçtərəfli birgə bəyanata imza atmaqla həm də Qarabağdakı rejimi separatçı oyuncaq təsisatın birtərəfli olduğunu, Ermənistan tərəfindən himayə olunduğunu və uzun illər Ermənistanın həyata keçirdiyi siyasəti alt-üst etdi. Ermənistan burda tərəf olduğunu açıq şəkildə bəyan edir. Çünki Ermənistanın baş naziri Nikol Paşinyandır və bəyanatın altında onun imzası dayanır.
Şuşanın hərbi əməliyyat nəticəsində əldə olunması Azərbaycana strateji üstünlüklər qazandırdı. Ermənistan tərəfi də çıxılmaz vəziyyətdə qaldığını görərək, çoxsaylı fərarilərin olduğunu nəzərə alaraq, Laçın, Kəlbəcər və Ağdam rayonlarının Azərbaycanın nəzarətinə keçməsiylə bağlı öhdəlik götürdü. Eyni zamanda, bu rayonların azad olunması ilə bağlı Azərbaycan tərəfindən yeni vaxt istənildi və bu vaxtı da ermənilər əraziləri minalamağa, evləri yandırmağa sərf etdilər. Bununla da Azərbaycan tərəfinə maksimum zərbə vurmaq niyyəti daşıyırdılar.
Ötən iki il ərzində Rusiyanın, Avropa İttifaqının və ABŞ-ın regionda vasitəçiliyi açıq şəkildə hiss olunurdu. Fransa Prezidenti Emmanuel Makronun müxtəlif sülh istiqamətində təşəbbüsləri sonradan pozuculuq fəaliyyətinə keçdi.
Azərbaycan iki il ərzində erməni təxribatının qarşısını qətiyyətlə aldı. Qətiyyətli cavab və qisas əməliyyatları, Fərrux yüksəkliklərinin ələ keçirilməsi bunun bir göstəricisidir. Laçın rayonunun mərkəzinin, Zabux və Sus kəndlərinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi də Azərbaycan tərəfinin qətiyyəti və prinsipiallığı kimi qiymətləndirilir.
Azərbaycan sülh istiqamətində olan təşəbbüslərini beş maddəlik təklif qismində Ermənistan tərəfinə təqdim etdi. Düşünürəm ki, bu baza prinsiplərini sülh müqaviləsində əks etdirəcəkdir və bu şərtlər daxilində sülh müqaviləsi beynəlxalq hüquqa əsaslandığı üçün imzalanmalıdır.
Qeyd etmək istəyirəm ki, üçtərəfli birgə bəyanatdan sonrakı dövr ərzində Azərbaycanda ordu potensialı güclənmişdir və Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti müzəffər Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxışı zamanı hərbi potensialımızın daha da gücləndiyinə diqqəti çəkmişdir. 2023-cü ildə Azərbaycanın hərbi xərcləri bir qədər də artırılacaq və bu təhlükəsizliyimizin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın da daxil olduğu Cənubi Qafqazda bu gün böyük güclərin maraq toqquşması gedir və əsas məsələ milli maraqlarımız kontekstində bu mübarizədə qalib gəlməkdir. Düşünürəm ki, qarşıdakı dövrdə Azərbaycan diplomatiyası və xarici siyasəti müdrik liderimiz İlham Əliyevin rəhbərliyi altında yeni qələbələr əldə edəcək".