Yaxın gələcəkdə bu çıxışın əks-sədası region və ikili münasibətlər baxımından hiss ediləcək - ÖZƏL
10 Noyabr 2022 12:11 Siyasət"Azərbaycan Prezidenti cənab İlham Əliyevin noyabrın 8-i Şuşa şəhərində Şuşanın işğaldan azad edilməsinin ikinci ildönümü münasibətilə hərbçilər qarşısında söylədiyi geniş nitq həm keçmiş, həm indiki, həm də gələcək Azərbaycanın siyasi strategiyası baxımından çox önəmli bir çıxış idi".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib:
"Azərbaycan Prezidenti cənab İlham Əliyev burada Azərbaycan-Ermənistan münasibətlərinə, Ermənistanın münaqişənin tənzimlənməsində tutduğu qeyri-konstruktiv mövqeyə işarə vurdu. Eyni zamanda, münaqişənin nizamlanmasının başqa aspektləri, Ermənistana dəstək verənlərə ötürülən mesajlar və s. baxımından çox önəmli idi. Düşünürəm ki, burada Azərbaycan Prezidenti cənab İlham Əliyev üstüörtülü şəkildə Ermənistanın havadarlığını edən bəzi ölkərə (İran, Rusiya və s.) mesaj vermiş oldu ki, bu da xüsusilə önəmlidir. Nəzərə almalıyıq ki, son dövrlər İranın, eyni zamanda, Rusiyanın, Fransanın Azərbaycana qarşı tutduğu mövqe heç kim tərəfindən gözardı edilə bilməz və bu mövqelərə əlbəttə ki, mütləq cavab verilməlidir. Hesab edirəm ki, Azərbaycan prezidentinin hərbçilər qarşısında çıxışı zamanı söylədiyi fikirlər məhz bu mövqeyin daha qəti və kəskin şəkildə həyata keçirilməsindən xəbər verir.
Nəzərə almalıyıq ki, bu gün İran da, Rusiya da həm media sahəsində, həm də digər sahələrdə Azərbaycana qarşı siyasət aparmaqla yanaşı, həm də Ermənistana birbaşa dəstəyini nümayiş etdirir. Yeri gəlmişkən onu qeyd edim ki, Fransa öz parlamentində Azərbaycana qarşı bir qətnamə çıxartmağı planlaşdırır. Bununla bağlı da artıq məlumat var və elə olan halda görünən ondan ibarətdir ki, deməli, Ermənistana dəstək verən qüvvələr Ermənistanı bu və ya digər formada Azərbaycanla müharibəyə təhrik edirlər və Azərbaycan prezidentinin də bu çıxış zamanı söylədiyi və Ermənistan dövlətinə verdiyi mesaj ondan ibarət oldu ki, əgər siz bir daha səhv edib Azərbaycanla müharibəyə girişmək istəsəniz, bu sizin sonunuzdur.
Düşünürəm ki, artıq burdan həm Ermənistan dövləti, həm Ermənistan cəmiyyəti kifayət qədər öz nəsibini aldılar. Yaxın gələcəkdə bu çıxışın əks-sədası region və ikili münasibətlər baxımından hiss ediləcək".