Bolqarıstanda 8 noyabr - Zəfər Gününün ikinci ildönümü münasibətilə böyük konsert proqramı keçirilmişdir - FOTO
9 Noyabr 2022 18:43 SiyasətAzərbaycan Respublikasının Zəfər Gününün ikinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə 8 noyabr 2022-ci il tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərinin mərkəzi konsert zalında Bolqarıstanın tanınmış musiqi sənətçiləri və Azərbaycanın əməkdar artistləri Sahib Paşazadə, İlham Nəzərov və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin iştirakı ilə böyük konsert proqramı keçirilmişdir.
Bolqarıstan hökumətinin rəhbər nümayəndələri, tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, Bolqarıstanda akkreditə olunmuş diplomatik korpusun rəhbər şəxsləri, aparıcı media nümayəndələri, həmçinin Azərbaycan diasporunun üzvlərinin iştirakı ilə baş tutmuş konsertdə Azərbaycan və Bolqarıstanın xalq və bəstəkar mahnıları səsləndirilmişdir.
Konserti giriş sözü ilə açan Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Hüseyn Hüseynov 8 noyabr - Zəfər Gününün Azərbaycanın tarixində tutduğu önəmli yeri və rolu haqqında danışmışdır.
Qeyd olunmuşdur ki, 44 günlük Vətən müharibəsində Azərbaycan öz əzəli torpaqlarını beynəlxalq hüququn prinsip və normaları, BMT nizamnaməsi, Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, tam və qeyd-şərtsiz olaraq azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurası qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların müvafiq qərarlarına əsasən azad etmişdir.
Səfir müharibənin başa çatmasının bölgədə yeni era - bərpa və quruculuq erasının başlamasına əsas verdiyini diqqətə çatdıraraq, işğaldan azad olunmuş ərazilərdə fəal şəkildə aparılan bərpa işləri haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycanın gələcəyə baxışı regionda davamlı sülhün, təhlükəsizliyin və inkişafın təmin edilməsini ehtiva edir.
8 Noyabr - Zəfər Gününün ədalət və haqqın qələbəsi olduğu vurğulanaraq, 44 günlük Vətən Müharibəsində Azərbaycan əsgərinin öz doğma yurdunun xarici işğaldan azad etmək uğrunda vuruşduğu qeyd olunmuşdur. Zəfər Azərbaycan xalqının birliyi, milli qüruru və ruhu, habelə qəhrəmanlığı və qətiyyəti sayəsində əldə olunmuşdur.
Konsert proqramında Azərbaycan və Bolqarıstan sənətçilərinin birgə ifası ilə Qərb və Şərq musiqi mədəniyyətinin tərənnüm edilməsinin multikulturalizm ideyaları və dəyərlərinin parlaq nümunəsi olduğu vurğulanmışdır.
Konsert çox saylı tamaşaçılar tərəfindən böyük maraqla izlənilmiş və davamlı alqışlarla müşayiət olunmuşdur.











