"ZƏFƏRİMİZ bütün uğurlarımıza möhür olsun"

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İH-nin üzvü, "Kontinental" şirkətinin təsisçisi Afət Həsənova  30 ilə yaxındır ki,  tibb sahəsində fasiləsiz çalışır.  Müxtəlif araşdırmalara imza atan və vətəndaş cəmiyyətində  ictimaiyyətçiliyi ilə seçilən Afət xanım Həsənova ilə Zəfər günü ərəfəsində görüşdük. 44 günlük müharibədə həkimlərin, tibb işçilərinin fədakarlığı, qazanılan qələbədə qadın-ana faktoru, cəmiyyətin dövlət-Ali Baş Komandan ətrafında sıx birləşməsi və bir sıra məsələlərlə bağlı fikirlərini bizimlə bölüşüb. 

- ZƏFƏR bayramımızdır...  Azərbaycan xalqının,  qəhrəman oğullarımızın tariximizə şanlı səhifələr yazdığı gündür. İxtisasca həkim olduğunuz üçün Sizinlə söhbətimizi həssas və incə məqamlar üzərində qurmaq istərdik. Çünki həkimlik incə, zərif və müqəddəs peşədir. Bəzən həkim xəstənin yaxınlarının belə bilmədiyi sirləri bilir, doğmalarına demədiklərini xəstələr həkimlərə əmanət edir.  İndiki dünyamızda, bu gün ölkəmizdə gedən proseslərin fonunda özünüzü bir həkim-vətəndaş olaraq necə hiss edirsiniz?

-   Haqlı olaraq qeyd etdiniz ki, həkimlik həqiqətən də tək insan həyatı, sağlamlığı ilə məşğul olan sənət deyil, o həm də insan həyatına, psixologiyasına, sirləri ilə bağlı da həssas bir işdir. Yəni yaxşı həkim olmaq üçün tək peşəkarlıq yetmir, həm də yaradıcı ruhun olmalıdır, dərin analiz etmək qabiliyyətin, insanların psixologiyasını anlamaq bacarığın olmalıdır. Məsələn, kolleqalar danışırlar ki, VƏTƏN Müharibəsi dövründə əsgərlərin əli, ayağı kəsilmək məcburiyyətində qalırdı, amma bu onların əhvalını zərrə qədər pozmurdu. Qələbə əzmi o qədər güclü idi ki, torpaqlarımızı düşmən tapdağından qarış-qarış azad etdikcə ruh yüksəkliyi onlarda əlilliklərinə görə qətiyyən təəssüf hissi yaranmağa qoymurdu, əksinə döyüşçü əzmi olduqca güclü idi.  Burada həkimlərimizin də yaralılarımıza yanaşmalarında , onlarla rəftarlarında xüsusi rolu var. Həkim həssas ola bilər, amma xəstə yanında əsl loğman, təbib kimi səfərbər olmalıdır. Hesab edirəm  ki, biz həkimlər Vətənimizin bütövlüyü naminə  bütün gücümüz, qüvvəmizlə səfərbərik.   Həm bir vətəndaş, həm də bir həkim kimi özümü xidmətdə hiss edirəm.  Eyni zamanda, bütün insanlar kimi mən də böyük iftixar hissi yaşayıram. Illərlə xəyalını qurduğumuz, şanı dünyaya yayılan ZƏFƏRİ qazandıq... 

- Əlbəttə, ZƏFƏRİ qazanarkən müharibədə döyüşən əsgərlərlə eyni səngərdə olmaq, yaralanan, ehtiyacı olan döyüşçülərin imdadına çatmaq da qəhrəmanlıqdır...
     
- Bayaq qeyd etdiyimiz kimi, həkim peşəsi ən nəcib və məsuliyyətli peşələrdən biridir. Biz VƏTƏN Müharibəsindəki hadisələr haqqında çox söhbətlər eşitmişik, yazılanları oxumuşuq, çoxlu video görüntülərə  baxmışıq. Həkimlərin rolu haqqında qazilərin danışdıqlarını dinləyərkən, o dövrdə xəstəxana-hospitallardakı gərgin iş rejimini təsəvvür edərkən insanı həyəcan bürüyür. Əminəm ki, müharibə dövründə  həyat amalı əsgərlərimizi xilas etmək olan həkimlərimizi Vətən müharibəsində  yaralanan, müalicə olunan hərbi qulluqçularımız hər zaman ehtiramla xatırlayacaqlar.
Bunu da unutmayaq ki,  müharibədə tibb xidmətinin qarşısında duran əsas vəzifə təkcə yaralanan hərbi qulluqçulara tibbi yardım göstərməkdən, onları müalicə etməkdən ibarət deyildi, həkimlərimiz həm də COVID-19 pandemiyası ilə də mübarizə aparır, orduda, əsgərlər arasında xəstəliyin yayılmasının qarşısını almaq üçün də ciddi tədbirlər görürdülər. Bu baxımdan son dərəcə güclü və ciddi, məsuliyyətli bir dönəm yaşayırdıq. Qeyd etmək lazımdır ki,  həkimlərimizin fədakarlığı nəticəsində  həmin dövrdə döyüşçülərimizin və yaralanan hərbi qulluqçular arasında koronavirus infeksiyasının yayılması qeydə alınmadı.
Prezidentimiz Cənab İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri kimi də həkimlərin rolunu vurğuladı. Prezidentimiz deyirdi ki, "bu gün  müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin də fəaliyyətini gərək qeyd edək. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər".

- Yəqin siz də razısınız ki, Zəfəri təmin etmək  üçün  uğurlu bir liderə sahib olmaq ən vacib faktor rolunda çıxış edir?
    - Əlbəttə, bu inkar olunmaz həqiqətdir.  Tarixən  hər bir xalqın uğurunda, qələbəsində  lider, sərkərdə amili əvəzedilməz rol oynayıb və bu gün də belədir. Ali Baş Komandan İlham Əliyevin illərlə apardığı uğurlu iqtisadi və hərbi siyasət, eləcə də 44 günlük müharibədə sərgilədiyi sərkərdəlik bacarığı  Zəfərin qazanılmasını təmin etdi. Eyni zamanda xalqımızın səfərbərliyi, yaşından, vəzifəsindən asılı olmayaraq cənab Prezidentin ətrafında sıx birləşməsi, hər kəsin əsgərlərimizə, dövlətimizə bacardığı dəstəyi verməsi də bizim xalq olaraq birliyimizi dünyaya bəyan etdi.   
  - Müharibədə qadın, ana faktorunun da öz rolu var və biz bunun da şahidi olduq...
   - Tamamilə haqlısınız.  Öncə qeyd etməliyəm ki,  Birinci vitse-prezident Mehriban Əliyevanın  həm də qadın-ana olaraq bizim üçün gözəl bir örnək oldu. Gəlin qısaca xatırlayaq: hadisələrin ən qızğın dövründə belə Mehriban xanım Əliyeva cənab Prezidentlə çiyin-çiyinə, bərabər addımlayır.  Şəhid analarımızın "Vətən sağ olsun" nidası yayılır. Şəhid xanımı çiynində  həyat yoldaşının  tabutunu aparır. Gözüyaşlı şəhid övladlarından
 müxtəlif mərasimlərdə  "atamla fəxr edirəm" ifadələrini eşidirik. Bütün işgüzar xanımların da bu müqəddəs ənənəyə qoşulması qadın amilinin özünəməxsus rolunu bir daha təsdiq etdi.  Yeri gəlmişkən, üzvü olduğum Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyanın Vətən müharibəsində üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirdiyini də vurğulamaq istəyirəm. Assosiasiyaya üzv olan onlarla vətənpərvər sahibkar  xanım müharibədən əziyyət çəkən insanlarımıza, yaralanan əsgərlərimizə, şəhid ailələrinə bacardığı dəstəyi göstərdi. Əlbəttə, bu bizim ilk növbədə vətəndaş borcumuz idi. Və bu borcu layiqincə yerinə yetirməyə çalışdıq. 
   - Yəqin ki, müharibədəki yaralı-həkim münasibətləri, qeyri-adi, yaddaqalan hadisələr haqqında zaman-zaman  kitablar, əsərlər  yazılacaq. 
      - Haqlısınız.  Vətən müharibəsində döyüşənlərin həyatını xilas etmək elə döyüşmək qədər şərəfli və məsuliyyətli iş idi. Yəni həkimlərimiz də müharibənin cəsarətli döyüşçüləriydi. Bunun nə qədər ağır və cəsarətli iş olduğunu təsəvvür edə bilirsinizmi? Müharibədə yaralı hərbçilərimizin harayına ilk olaraq həkimlərimiz özünü yetirir,  döyüşçülərimizin yarasına ilk olaraq onlar məlhəm qoyurlar. Peşəkar həkimlərimizin səyi nəticəsində neçə-neçə döyüşçünün həyatı xilas edildi. Hərbçi həkimlərimiz isə xüsusi qəhrəmanlıq nümayiş etdirib yaralılarımıza güllə yağışı altında, odun-alovun içinə atılaraq yerindəcə yardım ediblər. Elə əsərlərdə, şeirlərdə özünün əksini tapan bədii motivlər də  belə heyrət hissi doğuran səhnələrdən yaranır, əlbəttə.
    Əslində qəhrəmanlıq yolumuzu, müharibəni, onun nə olduğunu, müharibə baş verən zaman insanların nələri qazanıb, nələri itirdiklərini düşünərkən, insan arzulayır ki, bu son ZƏFƏRİMİZ bütün uğurlarımıza möhür olsun! 
Yazılanlardan,   müharibənin şahidlərinin danışdıqlarından bilirik ki, ilk gündən ön cəbhədə yüksək   əhval-ruhiyyə hökm sürüb.  Əsgərlərimiz yalnız qələbə eşqi ilə düşmən qarşısında möhkəm dayandılar. Heç kəsdə  ruh düşkünlüyü,  qorxu yox idi. Bir çox yaralı əsgərlərimiz var idi ki, arxadakı hospitallara getmək istəmirdi. Yüngül yaralılar deyirdilər ki, "yaramızı sarıyın, getməyək tibb məntəqəsinə və yaxud hospitala". Məlumatlara görə, VƏTƏN Müharibəsi dövründə  ümumilikdə 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır. Onlara müharibənin ağxalatlı qəhrəmanları deyirlər. Ruhları şad olsun bütün VƏTƏN ÖVLADLARININ! 
Söhbətimizin əvvəlində sual verdiniz ki, özümü necə hiss edirəm, təkrar o mövzuya dönmək istəyirəm. Arzu, ümid doluyam ki, Azərbaycan xalqı təkrar müharibə görməyəcək. Təbii ki, torpaqlarımızın bütövlüyü, vətənimizin səmasının aydınlığı uğrunda hər zaman ayıq-sayıq olmalıyıq.

- Bayaqdan  ZƏFƏRİMİZlə bağlı   söhbət edirik.  İçinizdəki həyəcanı, qüruru duymamaq mümkün deyil. 

- Bilirsinizmi, Qədim yunan mifologiyasında bir termin, ifadə var - ALETEYA... Haqqı dərk edərkən həqiqətin bir an parlaması! Vətən müharibəsi dövründə hamımız bunu yaşadıq! Həmin o həqiqət ki, sıldırım qayalardan keçərək,  odun-alovun üstünə atılaraq torpaqlarımızı ala-ala qələbəyə yüksəldi! 
Mən də ZƏFƏR BAYRAMI münasibətilə hamını, bütün xalqımızı təbrik edirəm, arzum budur o həqiqətin işığı daima zehnimizdə yanar qalsın! Ruhumuza güc versin! Müharibə dövründə yaşadıqlarımızı heç vaxt unutmayaq,  yaşananların mahiyyətini övladlarımıza, yetişməkdə olan gənc nəslə anladaq, dərk etdirək. Vətənin müdafiəsində ayıq-sayıq olaq! 
ZƏFƏRİMİZ MÜBARƏK!

Afaq Qəmbərova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31