Vətən savaşında Prezident İlham Əliyev məharətli sərkərdə, bacarıqlı diplomat olduğunu sübut etdi
6 Noyabr 2022 12:23 Siyasət44 günlük Vətən müharibəsi müasir tariximizin ən şərəfli səhifəsi kimi tarixə düşüb. Çünki, 30 ilə yaxın müddətdə təcavüzkar dövlət olan Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bununla da BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrini yerinə yetirdi. Danılmaz faktdır ki, Vətən müharibəsində tarixi Qələbəmizin təməlində Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi dayanır. Ancaq o da etiraf edilməlidir ki, ölkənin iqtisadi gücünün artırılması, müasir ordu quruculuğunun təmin edilməsi və ən nəhayət iqtidar-xalq birliyinin formalaşması birbaşa prezident İlham Əliyevin həyata sürdüyü siyasətin nəticəsində mümkün olub. Deməli, Vətən müharibəsindəki qələbənin təmin olunmasında Ali Baş Komandan İlham Əliyevin rolu danılmazdır. Əslində Qələbənin memarı olan prezident İlham Əliyev Vətən müharibəsi dövründə həm güclü əsgər, həm Müzəffər Ali Baş Komandan, həm çevik diplomat, həm də sözünün kəsəri olan dövlət başçısı idi. Daha dəqiq, dövlət başçısı yürütdüyü xarici siyasətlə beynəlxalq aləmə Azərbaycanın haqq savaşına qalxdığını inandıra bilmiş, regionda marağı olan, daha dəqiq Erməistanın hamisi roluna çıxış edən gücləri neytrallaşdırmağı bacarmışdı. Həyata keçirdiyi daxili siyasətlə isə iqtidar-xalq biriliyinə nail olaraq ölkədə fəaliyyət göstərən ən müxtəlif qütblü siyasi qüvvələri bir araya gətirmişdi. Nəticədə ayrı-ayrı tanınmış ictimai-siyasi xadimlər, bütün ziyalılar xalqın, dövlətin, ordunun, Ali Baş Komandanın yanında olduqlarını bəyan etdi, ümummilli məsələ ətrafında birlik nümayiş etdirirdilər.
Bundan başqa, yürüdülən iqtisadi siyasət nəticəsində əldə edilən imkanlar hesabına müasir ordu formalaşdırmışdı. Müharibə dövründə xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrlə Azərbaycanın haqq səsini beynəlxalq aləmə agah etmişdi. Hərbi-siyasi informasiya və digər sahələrdə gedən müharibəni Prezident özü məharətlə idarə edirdi. Bu müharibə zərgər dəqiqliyi ilə həyata keçirilirdi. Dövlət başçısının hərbi əməliyyatlar dövründə son dərəcə məsul qərarlar qəbul edərkən göstərdiyi qətiyyətlilik, mərdlik, əzmkarlıq, siyasi iradə sayəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi uğurla başa çatdırıldı.
Ən əsası isə qətiyyətli və prinsipial dövlət başçısı olaraq Azərbaycanın dövlət və milli maraqlarını hər şeydən uca tutaraq ərazi bütövlüyünü bərpa etmək naminə siyasi iradə ortaya qoymuşdu. Məhz dövlət başçısının bu keyfiyyətləri xalqa və əsgərlərimizə ruh verirdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev qeyd etmişdi ki, "Xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz". Prezident İlham Əliyev həmçinin müsahibələrin birində qeyd etdiyi kimi, "Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsi" oldu. Ölkəmizin açıq qələbəsi ilə başa çatan döyüşlər Ali Baş Komandan İlham Əliyevin çevik və qətiyyətli rəhbərliyi altında, xalqımızın möhkəm birliyi və həmrəyliyi, orduya göstərdiyi hərtərəfli dəstək şəraitində cəmi 44 gün davam etdi. Sözün həqiqi mənasında İkinci Qarabağ müharibəsində Prezident İlham Əliyev bir sərkərdə, hərbi xadim olaraq nə qədər məharətli olduğunu sübut etdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər tarixi ədalət və beynəlxalq hüququn təntənəsidir. Başqa sözlə, bu qələbə ilə regionda yeni reallıqlar yarandı və bölgənin hərtərəfli inkişafı, rifahı, davamlı sülh və sabitlik üçün əlverişli imkanlar formalaşdı.
Alim