“Dövlət-özəl tərəfdaşlığı haqqında”qanun layihəsi birinci oxunuşda qəbul edildi

"Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, layihə plenar iclasda müzakirə olunub və birinci oxunuşda qəbul edilib. Məlumata görə, layihə 8 fəsil, 40 maddədən ibarətdir. Bildirilib ki, "İnvestisiya fəaliyyəti haqqında" qanunda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar dövlət-özəl tərəfdaşlığı layihəsinə də şamil ediləcək.Özəl tərəfdaşa müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla dövlət tərəfindən müsabiqənin şərtlər toplusunda nəzərdə tutulmuş aşağıdakı dövlət dəstəyi və təminatlar verilə bilər: - dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün mal, material, xammal, avadanlığın verilməsinin təşkili; - dövlət-özəl tərəfdaşlığı layihəsinin gəlirlərinin minimum səviyyəsinə təminat; - dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində istehsal edilən məhsulların, göstərilən xidmətlərin, görülən işlərin müəyyən həcmdə alınmasına dair təminat; - subsidiyaların və (və ya) kreditlərin verilməsi, kapital qoyuluşu; - tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat; - Azərbaycan Respublikasının ərazisi va ya onun bir hissəsində xidmətlərin göstərilməsi, işlərin görülməsi, məhsulun satışı üzrə müstəsna hüquqların verilməsi; - dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan tərəfdaşın çəkdiyi xərclərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi.

Eyni zamanda səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsi, müsabiqə qalibinin seçilməsi şərtləri və meyarları, dövlət-özəl tərəfdaşlığı müqaviləsinin əsas şərtləri, dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması və həyata keçirilməsi, o cümlədən dövlət-özəl tərəfdaşlığı müqaviləsi çərçivəsində davam edən və başa çatdırılmış layihələr, laihələrin icra vəziyyətinə dair hesabatlar haqqında elektron məlumat bazasını yaradacaq və idarə edəcək.

Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin tərəfləri dövlət-özəl tərəfdaşlığı müqaviləsinin surətini, ona edilən dəyişiklikləri müvafiq sənədlərlə birlikdə Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan məlumat bazasına daxil edilməsi məqsədilə müqavilə bağlandıqdan va ya ona dəyişiklik edildikdən sonra 7 iş günü müddətində səlahiyyətli orqana təqdim edəcək.Bundan başqa, səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan öhdəliklərin icra vəziyyətini dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq monitorinq etmək hüququna malikdir. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31