İran hakimiyyəti Təbrizin yerli əhalisini – Azərbaycan türklərini erməni “əli” ilə vurmağa çalışır - ÖZƏL
4 Noyabr 2022 14:24 Siyasət"Ermənistanın Təbrizdə konsulluq açmaq niyyətini sözün düzü, təəccüblə qarşılamadım. Əgər qonşularımız arasında İran və Ermənistan kimi toksik ölkələr, öz qonşularına qarşı zəhər və kin saçan, təxribatlar törədən şər rejimlər varsa, biz bu cür xəbərlərə əsla təəccüblənməməliyik. Çünki bu iki şər yuvasından hər cürə pislik gözləmək mümkündür".
Bu fikirləri "OLAYLAR"-a Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Partiya sədri bildirib ki, Təbrizdə konsulluq açılacağı barədə bundan bir müddət əvvəl də məlumatlar yayılmışdı:
"Bu barədə ilk olaraq İran tərəfi informasiya yayıb. Dünən isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da parlamentdə çıxış edərkən gələn il Təbrizdə konsulluğun açılmasını planlaşdırdıqlarını bildirdi. Hədəfin, niyyətin nəyə hesablandığına gəldikdə isə, burada hər hansı bir xoş niyyətdən, xoş məramdan danışmaq mümkün deyil. Düzdür, A.Mirzoyan Təbrizdə konsulluğun açılması planını İranın Qafanda konsulluq açmasına erməni tərəfinin cavabı kimi izah edir. Fars-molla rejiminin isə əsl niyyəti ayrıdır. Tehran mollaları bu yolla Güney Azərbaycan türklərinin tarixi yurdu olan Təbriz şəhərində erməni faktorunu gücləndirməyə çalışır. Başqa sözlə desək, İran hakimiyyəti Təbrizin yerli əhalisini - Azərbaycan türklərini erməni "əli" ilə vurmağa çalışır. Baxın, fars-molla rejimi bu dərəcədə iyrənc, məkrli etnik-milli siyasət yürüdür. İran rejimi həmişə belə olub. Bu rejimin "yastığ"ının altından nəcib fikirlər, xeyirxah təşəbbüslər çıxa bilməz. Ermənistanı idarə edənlər də həmişə fars qardaşlarından görüb-götürüblər. Odur ki, biz Təbrizdə konsulluq açılması təşəbbüsünü hər iki tərəfin (İranın da, Ermənistanın da) növbəti təxribatı kimi qiymətləndiririk".
Əlisahib Hüseynov daha sonra bunları qeyd edib: "Ermənistanın buna nə dərəcədə nail ola biləcəyi məsələsinə gəlincə isə, onu deyə bilərik ki, bu niyyət elə niyyət olaraq da qala bilər. Bu da ilk növbədə təbrizlilərin qəti iradəsindən asılıdır. Güneyli soydaşlarımız birlik nümayiş etdirib bu təxribatçı plana qarşı sərt təpki göstərməyi bacarsalar, İranın molla rejimi Təbrizdə erməni konsulluğunun açılması kimi riskli təşəbbüsü bloklaya, təxirə sala bilər. Mən güneylilərin potensialına, əzminə, mübarizliyinə bələdəm".