"Bir Millət, Bir Zəfər" - ÖZƏL - FOTO
3 Noyabr 2022 21:23 Siyasət
İstanbulda Vətən Müharibəsinin ikinci ildönümü "Bir Millət Bir Zəfər" proqramı ilə qeyd edilib.
Noyabrın 3-də İstanbul Tuzlada Azərbaycanın İstanbul Baş Konsulluğunun və Tuzla Bələdiyyəsinin birgə təşkil etdiyi Azərbaycanın Vətən Müharibəsində zəfərinin ikinci ildönümünə həsr edilmiş proqram keçirilib. Mərasim 44 günlük müharibəni və xalqın qələbə sevincini əks etdirən fotosərginin açılışı ilə başlayıb. İki qardaş ölkənin milli marşları səsləndirilib. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Açılış nitqi ilə Tuzla Bələdiyyəsinin sədri Şadı Yazcı çıxış edib. Sonra Azərbaycan İstanbul Baş Konsulu Nərminə Mustafayeva müharibənin ağır günlərindən xalqımızın zəfər uğrunda mübarizəsindən, Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlət quruculuğu siyasətindən, prezident İlham Əliyevin uğurlu ordu quruculuğu və qələbəyə aparan mücadiləsindən, iki qardaş dövlət rəhbərinin və iki qardaş xalqın birgə haqq davasından danışıb. Kürsüyə çıxan Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin başçısı, professor Fəxrəddin Altun Vətən Müharibəsinin Bir Millət və Bir Zəfər olduğunu vurğulayaraq bu qələbənin qardaşlıq və ədalətin qələbəsi olduğunu qeyd edib. Azərbaycan və Türkiyənin bir qələbəsi olduğunu ifadə edərək iki qardaş xalqın, iki qardaş Dövlət Rəhbərinin - Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın birgə mübarizəsinin nəticəsi olduğunu vurğulayıb. Professor Fəxrəddin Altun qələbənin hərb meydanında qazanılması ilə bərabər iki qardaş ölkənin verdiyi birgə informasiya savaşında da qalib gəldiyini bildirib.
Proqramm möhtəşəm konsertlə yekunlaşıb.
Mehdi Səlimov








