XXl əsr internet və innovativ texnologiyalar əsridir- FOTO
3 Noyabr 2022 16:56 SiyasətƏflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert
Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Ölkəmizdə internetin hərtərəfli inkişafının əsas problemləri, burada, genişzolaqlı sürətli internet xidməti sahəsində bazarın stimullaşdırılmaması, ədalətli rəqabət mühitinin olmaması, hər bir operatorun istifadəçilərinin istifadə etdiyi ümumi internetin sürətini abunəçilərin sayına böldükdə mobil və sabit şəbəkələrdə bir nəfərə düşən internetin sürətinin aşağı olması, həmçinin, İP ünvan çatışmamazlığı, mis kabellərin köhnəliyi, istifadəçi apparatlarında-kompüter, modem və spliterlərdə olan texniki nasazlıq, internet üçün istifadə edilən telefon kabel və xətt qurğularının stansiya ilə abunəçi mənzili (ofisi) arasında son mil hissəsində xidmət keyfiyyətinin aşağı və strukturunun asimmetrik olmasıdır.

"Telekommunikasiya və İKT-nin inkişafı üzrə Srateji Yol Xəritəsi"nin qeyri peşəkar icrası ilə yaranan son vəziyyətə görə Azərbaycanda sabit şəbəkədə bir genişzolaqlı internet istifadəçinin istifadə etdiyi orta sürət Qazaxstana və Rusiyaya nəzərən çox aşağıdır.
Bu səbəbdən genişzolaqlı internetin ölkəmizdə mövcud vəziyətinin araşdırılması, inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və bu sferada peşəkar texniki siyasətin həyata keçirilməsi aktual məsələlərə aid edilməlidir. Aidiyyatı sektorda ən əsas problem isə xidmət sahəsində bir tərəfdə dövlət tənzimləməsini həyata keçirən inhisarçı mövqeyə sahib güclü provoyderlərin olması - ənənəvi operatorlar, digər tərəfdə isə İnternet bazarının iştirakçıları - özəl provoyderlərin qərarsız vəziyyətidir. Bu şəraitdə həm oyunçu, həm də hakim olmaqla ədalətli rəqabət prinsipləri köklü şəkildə pozulmuş olur. Çox zaman bu seqmentdə operatorlar arasında iqtisadi və texniki resurslardan istifadədə maraqların ziddiyyəti, onun həlli yolları aidiyyatı qurumda deyil, hüquqi müstəvilərdə axtarılır.
Bu problemlərin həlli üçün gələcəkdə yaradılacaq "Müstəqil Tənzimləyici" orqanın əsas vəzifəsi bazara ədalətli rəqabət dinamikasının gətirilməsidir. Çünki, sağlam bazar mühitində rəqiblər xüsusi ilə özəl provoyderlər öz bizneslərini genişləndirməyə, daim innovasiyalar tətbiq etməyə, texnologiyaların inkişafına investisiya yatırmaqda davam etməyə, yeni şəbəkə həllərinə nail olmağa meylli olurlar. Güclü ədalətli rəqabət mühiti inkişafın əsas aparıcı qüvvəsidir. Bunun nəticəsində istifadəçilər (əhali) üçün qiymətə, keyfiyyətə görə real xidmət seçimi imkanı yaranır. Həmçinin dövlətin bu sahəyə sərmayə qoymaq yükü azalır.
Dünyanın əksər inkişaf etmiş ölkələrində (ABŞ, İngiltərə, Türkiyə, Yaponiya, Cənubi Koreya və s.) telekommunikasiya sahəsində müstəqil tənzimləmə qurumu fəaliyyət göstərir. MDB mıkanında isə Qazaxstan, Özbəkistan, Qırğızstan, Ukraniya, Gürcüstan və s. ölkərdə isə bu sektorda 20 ildən çoxdur ki, müstəqil tənzimləmə qurumları fəaliyyət göstərir. Bunun nəticəsində Qazaxstan, genişzolaqlı internet xidmətlərinin həcmi və keyfiyyətinə görə ölkəmizdən xeyli öndədir.

Eyni zamanda peşəkarlıqla struktur islahat aparmaqla telekommunikasiya sektorunda xidmət həcmini artırmaq, tələb olunan əmək resurslarını yüksəltmək və əlavə iş yerlərinin sayını artırmaq mümkündür.
Digər tərəfdən də genişzolaqlı İnternetin imkanlarından istifadə üçün zəruri bilik, bacarıqların yetərli olmaması, bir çox regionlarda əlaqədar infrastrukturun informasiya cəmiyyəti problemlərinin inkişaf etməməsi, idarəetmə sahəsində İKT peşə hazırlığının və biliklərinin lazımi səviyyədə olmaması, əhalinin bildiyi dildə kontentin az olması da genişzolaqlı İnternetin inkişafına əngəl olan ən əsas amillərdən hesab olunur.
Bu problemlərin aradan qaldırması üçün peşəkar texniki, təşkilati və hüquqi tədbirlərin həyata keçirilməsi tələb olunur:
-Normal rəqabət mühitinin təmin edilməsi;
-Genişzolaqlı İnternet bazarının effektli inkişafı bütün rəqiblər arasında ədalətli və bərabər imkanların yaradılması;
-Müstəqil Tənzimləmə qurumunun yaradılması;
-Lokal yerli kontentin - yerli internet resurslarının yaradılması. Ölkəmizdə internet istifadəçiləri 90 % xarici internet resurslardan istifadə edir. Nəticədə internet resurslarının beynəlxalq nəqlinin həcmi artır və qiymət bahalaşır;
-Əhalinin İKT biliklərinin artırılmasına nail olmaq. İnsan potensialının və resurslarını inkişaf etdirmək. Nəticədə elektron xidmətlərinin həcminin maksimum artırmaqla rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək;
-Genişzolaqlı İnternet sektorunda maraqlı olan tərəflərdən ibarət qrup yaratmaq. Həmin qrupa özəl operatorlar və təchizatçılar, istifadəçilər, elmi-tədqiqat müəssisələri və qeyri-hökumət təşkilatları nümayəndələrini daxil etmək. Genişzolaqlı internetin inkişafı istiqamətlərini müəyyən edən milli strategiya işləyib hazırlamaq;
-Genişzolaqlı İnternet sahəsində göstəricilər şəffaf, bazar və sosial analiz üçün istifadəsi, xərclərin və gəlirlərin iqtisadi cəhətdən əsaslandırılması siyasi motivlərə bağlı olmamalıdır;

-Hələlik dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda regionlarla paytaxt arasında, şəhərlərlə,rayon mərkəzləri ilə kəndlər arasında, müxtəlif əhali qrupları arasında genişzolaqlı İnternetə çıxışla bağlı ciddi fərqliliklər mövcuddur. Bu rəqəmsal uçurumu aradan qaldırmaq üçün dövlətin müəyyən stimullaşdırıcı tədbirləri görülməli;
-Texnoloji proqresdən effektif istifadə. Sabit və mobil şəbəkə sektorlarında evə kimi optika (FTTH-Fiber To The Home, GPON, Wİ - Max, LTE-Long-Term Evolution- Uzunmüdətli inkişaf mənasını verən və s.) müasir texnologiyaların tətbiq edilməsidir. Evə kimi optika ilə genişzolaqlı xidmətlərin sürətini Gbit/saniyə, LTE texnologiyaları ilə mobil internetdə sürəti 300Mbit/saniyə əldə etmək olar. Məsələn, 4G LTE texnologiyaları ilə sürətli internetin əhatə dairəsinə (ərazisinin 89%-ini əhatə edir) görə Qazaxstanın dünya liderlərindən birinə çevrildiyi nəzərə alınmalı;
-Regionlarda, xüsusi ilə kənd yerlərində tezlik resurslarından istifadədə qiymətləri minimum məyyən etməklə digər stimullaşdırıcı tədbirləri həyata keçirmək və kəndlə şəhər arasında rəqəmsal uçurumu azaltmağın mümkünlüyü;
-Genişzolaqlı İnternetin genişlənməsi hesabına iqtisadi artım, özünü ÜDM-də makrosəviyyədə ümumiqtisadiyyatın inkişafına təsirinin real analizi. Bundan başqa, müəssisə səviyyəsində məhsuldarlığın, məşğulluğun artmasında müsbət effektin əks olunması, mikrosəviyyədə də iqtisadiyyatın inkişaf etdirilməsi;
-Genişzolaqlı internetin inkişafı üçün beynəlxalq prinsiplərə uyğun hüquqi-normativ bazanın hazrlanması və qəbul edilməsi.

Bununla da müasir dünyada innovativ texnologiyalar yönlü inkişafın əsasını müəyyən edən əsas faktor - İntenet və onun ağıllı platformaları üzərində fəaliyyət götərən E-təhsil, E-səhiyyə, E-hökümət, E-xidmət, E-ticarət, Rəqəmsal İqtisadyyat, E-iqtisadiyyat vəs. genişzolaqlı internet xidmətlərinin strateji rol oynadığı dövlət prioritetlərinə aid edilməlidir. Həmçinin, dövlət siyasətinə uyğun olaraq informasiya cəmiyyətlərinin fəaliyyətinin bütün sahələrində elektron vasitə və xidmətlərin şəffaf idarəetmədə maksimum tətbiqi strateji məsələlərlə eyniləşdirilməlidir.