"Kütləvi həbslər İranın Azərbaycana təsirini müvəqqəti dondursa da sonlandıra bilməyəcək"- ÖZƏL
3 Noyabr 2022 16:07 Siyasət"Kütləvi həbslər İranın Azərbaycana təsirini müvəqqəti dondursa da sonlandıra bilməyəcək. Çünki şiəlik orduya oxşar sistem quraraq din adamlarını bir-birinə tabe dərəcələrə bölüb. Bu sistemdən uğurla istifadə edən İran şiələrin yaşadığı hər bir ölkəyə təsir edə bilir.
Misalən, yadınıza gəlirsə Allahşükür İrandan gələn Ocaq Necatla Şuşada namaz qılanda ondan arxada durmuşdu. Çünki "Höccətül-İslam vəlmüslimin" olaraq onun vəzifəsi Allahşükürdən üstündür, belə olmalıdır. Şiəliyin ən avtoritet rütbəsi, Ayətullah tituludur. Orduya oxşatsaq bu rütbə generala taydır. Ayətullah dərəcəsi almış din xadimlərinin fətva vermək, İslama əsaslanaraq hökm çıxarmaq səlahiyyəti var".
Bu sözləri Olaylar.az-a politoloq Orxan Vəliyev deyib.
"İranda 1000-dən çox Ayətullah var. Azərbaycanda isə orta rütbəni belə daşıyan din adamı yoxdur. Bu üzdən Azərbaycan şiələri dinin dərinliklərinə getdikdə İran və ya İraqdakı Ayətullahlardan birini özlərinə "AĞA" seçirlər.
Azərbaycan xarici təsirlərdən çıxmaq istəyirsə şiəliyi İranın Qum mədrəsəsinin monopoliyasından çıxarmalı, paralel olaraq milli idealogiyasına təkan verməlidir. Ölkəmizdə millətçilik olmadığından gənclərimiz Türkiyə, Avropa, Rusiya, İran və Ərəbistandan ixrac olunan ideyalara qapanır. Çünki adını çəkdiyim yerlər pullar, zəhmətlər, hocalar töküb öz idealogiyalarını yetişdirib, bununla da ətrafa təsir göstərir".